ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq “Ginnesin Rekordlar Kitabı”nda qeydə alınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Erebus 2026-cı ilin martında dünyaya gəlib. Onun bir pəncəsində səkkiz, digər üç pəncəsinin hər birində isə yeddi barmaq var. Maraqlıdır ki, atasının hər pəncəsində altı, ümumilikdə isə 24 barmaq olub.
Bu xüsusiyyət polidaktiliya adlanır. Bu, pişiklərdə əlavə barmaq falanqalarının formalaşmasına səbəb olan genetik xüsusiyyətdir və meyn-kun cinsində nisbətən tez-tez rast gəlinir.
Erebus əvvəlki rekordu da yeniləyib. 2002-ci ildə Kanadadan olan Ceyk adlı pişik 28 barmaqla “Ginnesin Rekordlar Kitabı”na düşmüşdü.
Pişiyin sahibləri Kendra Vandenblumer və Hanter Nett onun rekord qıra biləcəyini hələ erkən dövrdə düşünüblər. Lakin doğulduqdan qısa müddət sonra Erebusun nəfəs almasında problem yaranıb və onu təcili baytara aparıblar.
Baytar pişik balasında aspirasiya və pnevmoniya aşkarlayıb. Ona oksigen terapiyası və dərman müalicəsi tətbiq edilib. Sahiblərinin sözlərinə görə, heyvanın vəziyyəti bir müddət ciddi narahatlıq yaradıb.
Rentgen görüntülərində ağciyərləri normalda tünd görünməli olduğu halda daha açıq görünürdü.
Xoşbəxtlikdən, Erebus sonradan sağalıb və hazırda özünü yaxşı hiss edir.
