Biz adətən buludları səmada sakitcə üzən yüngül, parçalar kimi təsəvvür edirik. Lakin bu sakit mənzərənin arxasında olduqca maraqlı bir fizika gizlənir: orta ölçülü bir bulud çəkisinə görə dolu bir sərnişin təyyarəsi ilə müqayisə oluna bilər. Göy gurultulu, leysan gətirən buludların çəkisi isə milyonlarla ton təşkil edir.
Bu halda təbii sual yaranır: bu qədər böyük kütlə niyə yerə düşmür?
Lent.az xəbər verir ki, təxminən 1 kilometr diametri olan bir toplu buludunun çəkisi orta hesabla 250 tona yaxındır.
On kilometrlərlə əraziyə yayılan laylı buludların ümumi kütləsi yüz milyonlarla tona çata bilər.
Toplu-yağış (göy gurultulu) buludlar isə atmosferin əsl nəhəngləridir. Onların çəkisi 20–25 milyon tona, bəzi hallarda isə milyard tonlara qədər yüksəlir.
Müqayisə üçün qeyd edək ki, tam yüklənmiş Boeing 747 sərnişin təyyarəsinin çəkisi təxminən 300 tondur. Bu isə o deməkdir ki, adi bir bulud belə çəkisinə görə bir təyyarə ilə eyni səviyyədədir, fırtına buludları isə onu dəfələrlə üstələyir.
Buludlar niyə yerə düşmür?
İlk baxışdan bu, paradoks kimi görünür. Lakin hadisə fizika qanunları ilə izah olunur. Buludun tərkibindəki su damcıları mikroskopik ölçüdədir. Onların diametri cəmi bir neçə mikron təşkil edir. Bu qədər kiçik olduqları üçün havanın müqaviməti cazibə qüvvəsini demək olar ki, tam balanslaşdırır.
Atmosferdəki isti hava axınları yuxarıya doğru qalxaraq su damcılarını və buz kristallarını havada “asılı” vəziyyətdə saxlayır. Buludun kütləsi böyük olsa da, bu kütlə nəhəng həcm və sahə üzrə paylanır. Buna görə də bulud vahid, ağır bir cisim kimi hiss olunmur.
Damcılar böyüyüb ağırlaşdıqda hava onları artıq saxlaya bilmir. Bu zaman bulud yağış və ya qar şəklində boşalır. Buludlar iqlim üçün nə qədər önəmlidir?
Buludlar təkcə maraqlı fiziki hadisə deyil, həm də Yer iqlimi üçün vacib rol oynayır. Onlar Günəş şüalarının bir hissəsini əks etdirərək Yer səthinin həddindən artıq isinməsinin qarşısını alır. Gecə saatlarında isə istiliyi saxlayaraq atmosferin soyumasını ləngidir. Bundan başqa, su dövranını tənzimləyərək yığılan nəmi yağış və qar şəklində Yerə qaytarır.
Beləliklə, buludlar göründüyü kimi yüngül və zərərsiz deyil. Onlar təyyarələr və hətta böyük texnika parkları ilə müqayisə edilə bilən nəhəng su kütlələridir. Lakin mikroskopik damcılar və hava axınları sayəsində bu kütlələr göydə qalır. Növbəti dəfə səmaya baxanda unutmayın: başınızın üzərində milyonlarla ton ağırlığında su kütləsi səssizcə üzə bilər və onu havada saxlayan yalnız təbiətin incə tarazlığıdır.