Mütəxəssislərin xəbərdarlığına görə, əsrin ortalarına qədər bu məşhur şirniyyat məhsulu mağaza rəflərindən tamamilə yox ola bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, problemin əsas səbəbi Qərbi Afrikada və Latın Amerikası ölkələrində müşahidə olunan iqlim dəyişiklikləridir. Məhz bu regionlar kakao paxlalarının yetişdirildiyi əsas ərazilərin böyük hissəsini təşkil edir.
Hazırda dünya kakao istehsalının təxminən 70 faizi Qərbi Afrikanın payına düşür. Lakin yaxın gələcəkdə bu bölgə kakao yetişdirmək üçün yararlı torpaqlarının yarıdan çoxunu itirmək riski ilə üz-üzədir. Kolumbiya isə öz plantasiyalarının təxminən 20 faizini itirə bilər.
Bu fəlakətli ssenariyə səbəb olan amillər arasında həddindən artıq istilər, qeyri-sabit yağıntılar, uzunmüddətli quraqlıqlar, meşə yanğınları və bitkilər arasında yayılan xəstəliklər göstərilir.
Təhlükə təkcə Afrika qitəsi ilə məhdudlaşmır: Beliz, Peru, Meksika, Braziliya, Ekvador və İndoneziya da risk altında olan ölkələr sırasındadır.
Kakaonun qiymətində artım artıq diqqətçəkəndir: son bir il ərzində qiymətlər 400 faiz yüksəlib. Problemin həlli yollarından biri kimi mütəxəssislər kakao ağaclarının daha hündür bitkilərin kölgəsində yetişdirilməsini göstərirlər.