Fransa sakini Sandra Ram tramvayla evləndiyini bildirib.
Lent.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Nəşrin yazdığına görə, Strasburq şəhərindən olan qadın CTS-yə məxsus 3013 nömrəli tramvaya qarşı hisslər bəslədiyini iddia edir. Onun sözlərinə görə, bu hisslər bir neçə il əvvəl yaranıb və 2020-ci ildə lokdaun dövründə tam formalaşıb.
Ram bu vəziyyəti “obyektofiliya” adlanan nadir hal ilə izah edir — yəni cansız əşyalara qarşı emosional və ya romantik bağlılıq. O, “partnyoru” ilə qarşılıqlı əlaqə hiss etdiyini deyir.
“Toy mərasimi” tramvay sürücüsünün iştirakı ilə keçirilib və o, kiçik bir tədbirin təşkilinə kömək edib. Bundan sonra qadın sosial şəbəkələrdə bu münasibət haqqında aktiv şəkildə paylaşım edir və tramvayla bağlı materiallar yayımlayır.
Sandra bildirib ki, onun eyni zamanda sevgilisi də var və o, qadının tramvayla münasibətinə etiraz etmir.