BMT-nin məlumatına görə, ötən həftəsonu Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı əvvəllər sakit ərazi hesab olunan Kenskov icmasına silahlı şəxslərin hücumu nəticəsində azı 47 nəfər öldürülüb, 50-dən çox insan qaçırılıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, dəstə lideri hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, Kenskovun silahlılardan azad edilməsi əməliyyatı zamanı dəstə üzvlərindən biri öldürülərsə, girovları qətlə yetirəcək.
BMT-nin Haitidəki İnteqrasiya Olunmuş Ofisinin məlumatına görə, öldürülən 47 nəfər arasında azı beş uşaq var.
Sosial şəbəkələrdə yayılan videoda dəstə lideri Haiti Milli Polisinin direktoru Vladimir Parayzona müraciət edərək ərazidə silahlı qruplaşmalara qarşı pilotsuz uçuş aparatlarından istifadə etməməyə çağırıb.
Cinayətkar qruplaşmanın rəhbəri özünü “İzo 2” kimi təqdim edib. Bu ad Haitinin ən nüfuzlu dəstə üzvlərindən biri olan İzo ləqəbli Conson Andre ilə əlaqələndirilir. Ekspert Romen Le Kurun sözlərinə görə, “İzo 2” “Didi” adı ilə də tanınır və digər dəstə başçıları ilə koordinasiyalı şəkildə Kenskovda silahlı qrupa rəhbərlik edir.
Ekspert hesab edir ki, hücumun məqsədlərindən biri Haiti polisini və BMT-nin dəstəklədiyi qüvvələri onsuz da məhdud olan resurslarını daha geniş əraziyə bölməyə məcbur etmək ola bilər.
Hadisə həmçinin dekabrın 13-də keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində hökumətə və polisə güc nümayişi kimi qiymətləndirilir. Bu, Haitidə son on ildən artıq müddətdə keçiriləcək ilk ümumi seçkilər olmalıdır.
Kenskovun meri Jan Massiyon bildirib ki, qətlə yetirilənlər arasında iki dövlət qulluqçusu, o cümlədən onun təhlükəsizliyini təmin edən əmisi oğlu da olub.
Merin sözlərinə görə, ABŞ tərəfindən xarici terror təşkilatları siyahısına daxil edilmiş “Viv Ansanm” cinayətkar qruplaşmasının üzvləri hücum zamanı 25 evi də yandırıblar.
Qeyd edilir ki, hazırda silahlı dəstələr Port-o-Prens ərazisinin təxminən 70 faizinə, həmçinin Haitinin mərkəzi bölgəsində və digər ərazilərdə geniş torpaqlara nəzarət edirlər.
Silahlı qruplaşmalar arasındakı qarşıdurmalar nəticəsində 1,5 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. BMT-nin açıqladığı son məlumatlara görə, yanvar-iyun aylarında Haitidə zorakılıq nəticəsində 3050-dən çox insan öldürülüb, daha 1400 nəfər yaralanıb.