Yeni hərbi əməliyyatlar: Hizbullah  prosesə aktiv qoşuldu, müharibə  daha da ALOVLANDI
11 mart 2026 10:14 (UTC +04:00)

Yeni hərbi əməliyyatlar: Hizbullah prosesə aktiv qoşuldu, müharibə daha da ALOVLANDI

0

Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında davam edən müharibə regionu daha geniş qarşıdurmaya sürükləyib. Son günlər İranın müttəfiqi olan Hizbullahın müharibəyə aktiv qoşulması və koordinasiyalı hücumların artması regionda gərginliyi daha da artırıb.

Lent.az bəzi xarici mənbələrə istinadən ən son xəbərləri təqdim edir.

Hizbullah müharibəyə aktiv qoşuldu

Məsələn, The New Arabın yaydığı son məlumatlara görə, Hizbullah İranla koordinasiya olunmuş şəkildə İsrailə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. Fox News-un müharibə bölgəsindən etdiyi canlı yayımlardan da bəlli olur ki, İranın raket zərbələri ilə Hizbullahın dron hücumlarının sinxronlaşdırılmış halda tətbiq olunur.

İsrailə eyni vaxtda həyata keçirilən hücumlar zamanı təhlükəli kaset sursatları istifadə olunub.

Bu hadisələr ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hərbi kampaniyanın – “Epic Fury” və “Roaring Lion” əməliyyatlarının 11-ci günündə baş verib və regionda genişlənən münaqişənin daha da gərginləşdiyini göstərir. Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun və Misgav İnstitutunun baş tədqiqatçısı Kobi Maykl Fox News Digital-a bildirib ki, Hizbullah artıq müharibəyə tam şəkildə qoşulub və hazırda İranla yüksək səviyyədə koordinasiya olunmuş şəkildə hərəkət edir.

Tel-Əviv yaxınlığında yerləşən sığınacağından danışan ekspert qeyd edib: “Hizbullah artıq müharibəyə tam qoşulub və görünür ki, onlar İranla çox yaxşı koordinasiya olunur”.

O əlavə edib ki, Hizbullahın raket və pilotsuz uçuş aparatlarının əksəriyyəti İranın buraxdığı raketlərlə eyni vaxtda işə salınır.

İsrail Livana qarşı geniş əməliyyatlara başlayıb

Hizbullahın hücumlarına cavab olaraq İsrail ordusu Livanın cənub və şərq bölgələrində geniş hava zərbələri həyata keçirib. İsrailin hədəfləri əsasən Hizbullahın hərbi mövqeləri və infrastruktur obyektləri olub. Bu barədə isə Al Jazeera məlumat yayıb.

İsrail mediası olan Jerusalem Post-un məlumatına görə, bəzi raketlər İsrailin mərkəzi bölgələrinə qədər çatıb və bu, müharibənin daha geniş coğrafiyaya yayılmasının göstəricisi hesab olunur.

ABŞ və İran arasında gərginlik artır

Bu arada Guardian məlumat verir ki, ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında İranın mina yerləşdirməyə hazırlaşan bir neçə hərbi gəmisini məhv etdiyini açıqlayıb. Bu addım qlobal enerji bazarında narahatlıqları artırıb və neft qiymətlərində dalğalanma yaradıb.

Analitiklər hesab edir ki, İran, Hizbullah və İsrail arasında davam edən bu qarşıdurma regionu daha geniş müharibəyə sürükləyə bilər. Hazırda tərəflər arasında raket və hava hücumları davam edir və gərginliyin yaxın zamanda azalacağına dair ciddi siqnallar yoxdur.

Müharibənin genişlənmə riski

Middle East Council on Global Affairsin ekspertləri bildirir ki, Hizbullahın tam şəkildə müharibəyə qoşulması İsrail üçün ikinci cəbhə açılması deməkdir. Bu isə Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında qarşıdurmanın daha böyük regional müharibəyə çevrilməsi ehtimalını artırır.

Hazırda həm İsrail, həm də İran yeni hərbi əməliyyatlara hazırlaşır və regionda diplomatik səylər zəif görünür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar