ABŞ Senatında respublikaçı senator Lindsi Qrem İranda baş verən kütləvi etirazlar fonunda sərt bəyanatla çıxış edərək ABŞ prezidenti Donald Trampı ölkənin mövcud rəhbərliyinə qarşı maksimum sərt addımlar atmağa çağırıb.
Lent.az xəbər verir ki, senator bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib və İrandakı vəziyyəti şərh edib.
Qremin sözlərinə görə, Tehrandakı mövcud rejim Yaxın Şərqdə qeyri-sabitliyin əsas mənbəyidir və İranın ali liderinin hakimiyyətdə qalması regiondakı böhranı daha da dərinləşdirir.
Senator İranın ali lideri Əli Xamenei barədə kəskin ifadələr işlədərək onu XX əsrin nasist diktatorları ilə müqayisə edib və bildirib ki, məhz onun aradan götürülməsi ölkə üçün dönüş nöqtəsi ola bilər. Qrem deyib ki, bu, “zamanımızın Hitleri”dir və İran xalqı onun getməsini istəyir.
O, həmçinin qeyd edib ki, onun fikrincə, Donald Tramp İranda real dəyişikliklərin yeganə yolunun etiraz hərəkatının qələbəsi olduğunu düşünür. Senatorun sözlərinə görə, rejimin süqutu ölkənin transformasiyasına və Qərblə uzunmüddətli qarşıdurmanın sona çatmasına imkan yarada bilər.
ABŞ prezidentinə birbaşa müraciət edən Qrem vurğulayıb ki, Vaşinqtonun atacağı addımlar eyni zamanda həm etirazçıları ruhlandırmalı, həm də İran hakimiyyətini ciddi şəkildə qorxutmalıdır.
Senator əlavə edib ki, onun fikrincə, mülki şəxslərin ölümünə görə məsuliyyət daşıyan rəhbərliyin fiziki olaraq aradan götürülməsi zorakılığın qarşısını ala biləcək addımlardan biri ola bilər.
Qrem hesab edir ki, İran rejiminin devrilməsi region üçün genişmiqyaslı nəticələr doğura bilər. Onun proqnozuna görə, İranın terroru dəstəkləyən dövlət kimi rolu sona çatar, Hizbullah və HAMAS kimi qruplaşmalar zəifləyər və İsrail ilə Səudiyyə Ərəbistanı arasında sülhün əldə olunması üçün şərait yarana bilər.