<b>“Ölmək istəyirdim, qorxurdum ki, diri-diri böyrəyimi, ciyərimi çıxardarlar”- <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ </b>
25 iyun 2014 15:27 (UTC +04:00)

“Ölmək istəyirdim, qorxurdum ki, diri-diri böyrəyimi, ciyərimi çıxardarlar”- ƏSİR DÜŞƏRGƏSİ

Əvvəli: http://news.lent.az/news/170561

 

Cəhənnəmin dibi və yaxud Əsgəran Polis şöbəsinin zirzəmisindəki yarıqaranlıq, rütubətli kameranın nə zamansa pəncərə olmuş, müharibədən sonra bomba səslərindən şüşələri çiliklənib tökülmüş, sadəcə boş çərçivəsi qalmış deşiklərindən soyuq hava özünü içəri təpir, qarı yumurlayıb taleyin üz çevirdiyi Dürdanə ilə qartopu oynayırdı. Elə çovğun idi ki, kameranın dörd bir yanında külək qurd kimi ulayırdı. Dürdanə gözünü qardan qorumaq üçün əllərini üzünə tutmaq istəyirdi, amma... Barmaqları fəaliyyətini itirmişdi...

Divarın o üzündə kişilər bağırır, bu üzündəsə kameranın bir küncünə yığılmış gölməçənin içində çöküb qalan qız bəlkə hansısa təsadüfdən Allah burdan keçər, onu eşidər ümidi ilə dua edirdi: “Nə olar, öldürsünlər... Nə olar... Onsuzda mən artıq heç kimə lazım deyiləm... Mənə bir balaca hey ver, birinə qarşı kobudluq eləyim, vurub öldürsün... Nə olar... Başqa şey istəmirəm, azad eləsinlər demirəm... Çox şey istəmirəm axı... Bütün bu başıma gələnlərdən sonra, azad eləsələr də necə yaşayacam? Kimə lazımam bundan sonra? Ay Allah, sən onlara bir damcı insaf ver, öldürsünlər...”

Qızcığaz müharibə zonasını birinci Allahın tərk etdiyindən xəbərsiz idi...

Kameraya bir az işıq düşdü, bu o demək idi ki, səhər açılıb...

-         Karo gəldi...

Üstündən 22 il keçsə də, yenə Karonun adını çəkəndə gözləri az qalır hədəqəsindən çıxsın. Alnında, üzündə, sinəsində tər puçurları əmələ gəlir... Tez-tez qucağındakı dəsmalla tərini silir... İndiyə qədər danışdığı insanlıqdan kənar hadisələrin heç birində Karonun adı gələndə düşdüyü hala düşməmişdi... Demək ki, Karoya nahaqdan “Azərbaycanlıların qənimi” adı verilməyibmiş...
 

-         Qancıq, bir işə yaramadın deyə zibilliyə atdıq. Yaxşı dirildin. Gəl, gəl gedirik. Gərək səni necə lazımdı istifadə eləyək. Qəfil ölərsən, bir elə orqan heyifdi... Bilirsən nə pula gedəcək? Səndən elə yaxşı pullar qazanacağıq ki...
 

Karo qabağa düşüb gedir, hələ də bədəninin donu açılmayan, barmaqlarının sızıltısı kəsməyən Dürdanə paltarının ətəyindən su axa-axa onun arxasınca divardan tutub irəliləyir, yıxılanda sürünürdü... Güllə girib içində qalan ayağı elə şişmişdi ki, onu arxasınca güclə çəkirdi. Divardan yapışmaq istəyəndə dəmir qapının arasında sıxılmaqdan qatlaya bilmədiyi barmaqları ona dayaq ola bilmirdi... Sürünə-sürünə gəlib Karonun maşınına çatır:
 

-         Əsirsən, nə desələr ona tabesən. Gəl dedi, dalınca düşüb getməlisən. Otur dedi, mismarın üstündə də olsa oturmalısan. Karonun arxasınca düşüb getməkdən başqa yolum yox idi. Vladik dediyi kimi, Yerevana aparıb orqanlarımı çıxarıb satacaqdılar. Yox deməyə nə haqqım var idi ki? Heç məndən soruşan da yox idi axı... İçimdə çox qorxurdum, ürəyimdə deyirdim ki, kaş heç olmasa öldürüb sonra kəsələr... Onlar ki, elə insafsızdılar, diri-diri adamı yarıb böyrəyini, ciyərini çıxardarlar... Çox qorxurdum...
 

-         Karo ilə Yerevana gəldiz?
 

-         Yox, məni götürüb gətirdi Xankəndinə. Qəribə bir bina idi, yataqxanaya oxşamırdı, dəhlizi çox enli idi... Hara idi bilmirəm, amma Ağdərədən köçənləri ora yığışmışdı. Dəhlizdə vedrələrlə su yığmışdılar. Karo qabağa düşüb gedir, məndə ayağımı güclə çəkə-çəkə düşmüşəm onun dalınca...

 

-         Açıq sinə ilə?

 

-         Yox, orda bir kişi mənə sancaq verib demişdi ki, sinəni üst-üstə qoyub sancaqla...

 

-         Nə əcəb?

 

-         Məqsədi mənim namusumu güdmək, ya rəhm etmək deyildi. Özlərinə görə belə eləyirdilər... Yanlarında aparanda kimsə görüb deməsin ki, gör bir cansız qızı nə kökə salıblar... Mən də paltarın sinəsini sağdan çəkib gətirib sol tərəfdən sancaq vurmuşdum.

 

-         Karonun neçə yaşı olardı?

 

-         Hardasa 30, bəlkə də 35. Bəlkə də yaşlı idi, cavan görünürdü. Çox cəld, çevik adam idi. Həm də çox amansız, qəddar idi, çox söyüb, təhqir eləyirdi...

 

-         Haralı idi?

 

-         Əsgəranlı. Bizim dildə elə danışırdı ki, tər-təmiz!

 

Əsgəran həbsxanasından uzaqda olmağın bir üstünlüyü var idi ki, burda kişilərin nə işgəncələrə məruz qaldıqlarından, necə bağırmaqlarından xəbərsiz olursan. Amma günlərdir kəsmək bilməyən kişi bağırtıları Dürdanənin qulağından burda da getmirdi.

Hər an yıxıla biləcək halı ilə dəhlizdə yaralı ayağını sürüyən Dürdanəni görən Ağdərədən olan qadınlar qışqırmağa, hay salmağa başlayırlar. Qulaqları alışdığı söyüşlər, təhqirlər...

 

-         Nə deyirdilər?

 

-         Hamısı bir ağızdan “Allah sizə lənət elsin” deyirdilər...

 

Karo qadınlara fikir vermədən bir otağın qapısını açır. Dürdanəni içəri salıb, qapını arxadan bağlayır.

Otaq soyuq və səliqəsiz idi. Qapının yanında kiçik stolla bir stul var idi. Bir az aralıda isə üstü yığışılmamış dəmir çarpayı. Karo Dürdanəni otaqdakı tək stula oturdub, əllərini arxaya aparır. Əvvəl əllərini, sonra ayaqlarını, sonra isə bütöv bədənini iplə stula bağlayır.

 

-         Heyim yox, ayağım yaralı, özüm ayaqyalın, paltarımdan su damcılayır. Hara qaçasıydım? Niyə məni bağladı, bilmirəm. Məni stula bağlayandan sonra ordan bir şallaq götürüb başladı məni şallaqlamağa. Şallağın rezini yaralı bədənimə toxunduqca məni yandırıb tökür, bədənimin donunu, keyini açır, ağrılarımı daha da şiddətləndirirdi...

 

-         Orda da susurduz, yoxsa qışqırırdız?

 

-         O qədər işgəncə görəndə səsimi udmağa vərdiş eləmişdim ki, yenə dişimi sıxıb gözümü yummuşdum...

 

-         Karo sizi nə qədər şallaqladı?

 

-         Yorulana qədər... Tez-tez qalxıb məni şallaqlayır, yorulanda gedib çarpayıda uzanırdı...Su istədim, bir fincan suyu süzüb çırpdı üzümə. İçməyə imkan vermədi, elə üzümə çırpdı...

 

-         Sizi o otaqda nə qədər saxladı?

 

-         Həmin günü otaqdan çıxmadı. Stolun üstündə bıçaq, konserv, qara çörək, külqabı, siqaret və o vaxtkı köhnə araq butulkasından var idi. Bir də dədə-baba stəkanları var idi, kənarı cızıqlı, “qalın stəkan” deyirdik, ondan. “Qalın stəkan”ı araqla doldurub içir, konserv ilə çörək yeyir, uzanıb dincəlirdi. Əsirlikdə olduğum günlər bir yana, Xankəndiyə aparıldığım gün isə bir yanadır mənim üçün… İnsana nə qədər zülm eləyərlər? Elə arzulayırdım ki, yenə huşumu itirim…

Karo siqareti çəkib dizlərimə basırdı... Keyimişdim, amma onunla belə hər dəfə siqareti dizimə basanda canıma istilik keçirdi... Sonra Karo uzanıb yatdı. O yatandan sonra çalışdım əl-ayağımı açam...

 

-         Dediz axı qaçacaq halda deyildiz, niyə açmaq istəyirdiz?

 

-         Fikrim qalmışdı stolun üstündəki bıçaqda. Əlimi aça bilsəm, onunla Karonu öldürəcəkdim. Buna çalışırdım. Amma nə qədər elədim, bacarmadım. Kəndiri çox bərk sıxmışdı, mənimsə taqətim yox idi... Karo yorğana bürünüb səhərə qədər yatdı. Mənsə bütün gecəni stula bağlı, sulu, cırıq paltarda, soyuq otaqda qaldım. Dayaq verməyə bir yer də yox idi... Döyülməkdən, işgəncədən canım ağrıyır, hər yanım sızıldayırdı... Elə ürəyimdən keçirdı ki, bir yer ola söykənəm, uzanam. Lap daşın, qarın, suyun üstündə... Fərq etməz, təki uzanam, bədənimi boş buraxam. Bütün bədənim yerə yatıb rahatlansın. Artıq bədənimin məni saxlamağa gücü qalmamışdı...

 

Səhər Karo yuxudan qapının səsinə ayılır. Qapını açmaqla yekəpər bir erməni hərbçi içəri girır:

 

-         Hanı o qancıq?

 

Karo geri çəkilib stula bağlı Dürdanəni göstərır. Qapını bağlayıb, siqaret yandırır. Bir tərəfə çəkilib siqaretini çəkə-çəkə onlara tamaşa eləməyə başlayır. Zil qara saç-saqqalın arasında içindən nifrət yağan qara gözləri parıldayan erməni Dürdanənin saçlarından yapışıb divara çırpmağa başlayır:

 

-         Mən Bakıdan gəlmişəm! Bakıda var-dövlətim, milyonlarım, evim, qarajımda cüt-cüt  maşınlarım qalıb. Hamısına siz sahib çıxmısız! Bütün bu müsibəti siz başladız! Sizi lənətə gələsiz! Sizin hamınızı lənətə gələsiz!

 

Bakı ermənisi stula bağlı Dürdanəni münaqişənin günahkarı kimi söyür, döyür, təpikləyirdi...

 

-         Karo nə edirdi?

 

-         Vecinə də deyildi. Siqaret çəkə-çəkə baxırdı. İçkisi də yanında. Bakı ermənisi də döyürdü... Söyüşləri isə zərbələrindən ağır idi... Erməni məni döyəndən sonra dedi bu qızı Yerevana aparmaq lazımdı. Sonra Karo onunla ermənicə nə danışdı bilmirəm, kişi çıxıb getdi. Karo daha ondan sonra məni döymədi, halım qalmamışdı. Divara çırpılmaqdan başımda o qədər şiş vardı ki... Bax, burda, alnımda bir şiş hələ də qalır... Amma bilmirəm bunu nə vaxt, kim döyəndə olub...

 

Yeyib-içib-yatıb dincini alan, zavallı qıza min cür işgəncəsindən həzz alan Karo onu maşına mindirib geri qayıdır. Xocalıdan keçəndə soruşur:

 

-         Eviniz Xocalının harasındadır?

 

-         Şose yolunun qırağında, ikinci ev bizimdir...

 

Karo həmən ünvana yaxınlaşanda maşının qara pərdələrini qaldırır. Dürdanənin məhəllələrində ilk gördüyü yolun kənarında üst-üstə yığılmış insan meyitləri olur...

 

-         Eviniz qalırdı?

 

-         Evimiz iki mərtəbəli idi. Birinci mərtəbənin pəncərə yerləri qalırdı, ikinci mərtəbə isə tamamən dağılmışdı. Yəqin top düşüb... Çox evlər dağılmışdı. Amma hər evin qabağında bir maşın. Hamısına da yük yığırdılar. Kimi maşınla, kimi araba ilə evləri boşaldırdı...

 

Mal-qaranı qabağına qatıb aparan kim, toyuq-cücəni qucağına basıb gedən kim... Yol kənarındakı 3-3, 4-4 üst-üstə yığılan meyitlər Dürdanədən başqa heç kimin vecinə deyildi... Ermənilər acgözlüklə dağılmış evlərin daşlarını da söküb aparırdılar... Karo viran qalmış evləri göstərib soruşur:

 

-         Eviniz hansıdı?

-         O...

-         Bəh-bəh-bəh! Nə gözəl! Amma heyf, dağılıb... Bax, dağılmasaydı səni evinizə aparardım...

-         ...

-         Nədi? Son dəfə evinizdə olmaq istəmirsən?

 

İnsan doğma evinin viran qalması üçün sevinə də bilərmiş:

 

-         O anda elə sevindim ki, evimiz dağılıb. Baxmayaraq ki, onun divarındakı hər daşda nə qədər əmək olduğunu bilirdim. Amma ürəyimdə şükür elədim ki, evimiz dağılıb... Valideynlərim illərlə məni o evdən necə gəlin köçürəcəklərinin, çıraq başına hərləyəcəklərinin, ağ paltarımın o pillələrlə necə sürünəcəyinin xəyalını qurmuşdular. İndi atamın, anamın narahat ruhu dolaşdığı evimizə Karo ilə girmək istəmirdim... İçimdə belə bir inanc var idi ki, atamgil bunu görəcək...

 

-         Böyüdüyün məhəllədən əsir kimi keçmək necə duyğudur?

 

-         İnsanın ürəyi partlayır. Elə haldaydım ki, canımın ağrısı da yadımdan çıxmışdı. Öz küçəndən əsir kimi keçirsən. Öz torpağının üzərində əsir kimi gəzirsən. Qonşuların o evləri nə zülmlə tikiblər, nə müsibətlə içini alıb doldurublar. İndi soyğunçular sənin gözünün qabağında hər şeyi daşıyır, şənlənirlər. Bütün bunları həzm eləmək çox çətindi...

 

Karo Dürdanəni yenidən Əsgərana gətirib zirzəmidəki kameraya atır. Qonşu kamerada kişilər hələ də səs səsə verib bağırırdılar...

Başına gələn bütün müsibətlərə baxmayaraq Karonun onu Yerevana orqanlarını satmağa aparmamasına sevinirdi. O şəraitdə insanın yeganə sevinci hissələrə ayrılmamaqdan başqa nə ola bilər ki?

...Kameraya yeni döyüşçü girəndə Dürdanə ölü kimi bir tərəfə düşüb qalmışdı. Bu üz də yeni idi, hardasa 27-28 yaşlarında, idmançı bədənli, cüssəli biri...

 

-         Bu kim idi?

 

-         İlk dəfə idi görürdüm. İçəri girib məni aşağıdan yuxarıya süzdü. Elə bil düşdüyüm vəziyyətdən ləzzət alırdı. Axırda soruşdu “ismin ne?” Başa düşmədim...

 

-         Erməni idi?

 

-         Türkiyədən Əsgərana gələn ermənilərdən idi. Biz də o vaxtlar türkcəni anlamırdıq axı... Başladım baxmağa. Cürbəcür əndirabadi sözlər deməyə başladı.

 

-         O Əsgəranda nə edirdi?

 

-         Türkiyədən Yerevana, ordan da Əsgərana gəlmişdi. Döyüşürdü… O məni nə qədər döydü… Ölü kimiydim, tutub ayağa qaldırırdı, buraxan kimi sərilirdim yerə…

 

Türkiyədən gəlmiş erməni Dürdanəni hər dəfə divara dayayır, onun qarşısında duruş gətirə bilməyən qızcığaz isə hər dəfəsində sürüşüb aşağı, onun ayaqlarının altına düşürdü... Erməni hardasa bir saata qədər Dürdanəni döyəndən sonra təpiyi ilə yoğura-yoğura aparıb küncə dirəyir:

 

-         Lanet olası türk! Senin yerin şurası, köpek!

 

Əzabdan, ağrıdan yumağa dönən Dürdanə küncə sığınıb qalmışdı...

 

-         Əsirlərlə bağlı filmlərə baxıram, inanın, çox səthidir. Heç biri həqiqətə yaxın deyil. O Türkiyədən gələn erməninin mənə verdiyi işgəncə heç bir filmdə yoxdu. O məni döyüb gedəndən təxminən iki saat sonra mühafizəçi gəlib dedi ki, “Vladik səni çağırır”. Nə yeriməyə halım var, nə iməkləməyə, nə də sürünməyə. Artıq neçə vaxtdır əsir olduğumu da bilmirəm. Neçə il keçib bilmirəm. Günləri, ayları itirmişəm. Bircə onu bilirəm ki, gecə düşür, səhər açılır, kameraya girib məni döyənlərin, incidənlərin, işgəncə verənlərin üzü dəyişir...

 

Ayağa qalxır, yıxılır. Bir neçə dəfə qapıya qədər getməyə cəhd edir, hamısında qalxdığı kimi də yerə sərilir. Amma Vladik çağırırdısa, gedə bilməsə sürüyüb aparacaqlar... Necəsə özü getməsi lazımdı... Divardan tuta-tuta ayağını sürüməyə başlayır...

-         Hələ də çörək, su vermirlər?

 

-         Yox, istəyəndə su verirdilər. İyrənc bir vedrələri var idi, onu damın kənarından axan suyun altına qoyub, su yığırdılar. Ərinmiş qar suyu... Su istəsən onu içəcəkdin.

 

Vladikin oturduğu tanış otaq sobanın başına toplaşıb qızışan ermənilərlə dolu idi. Vladik onu çağırır:

-         Gəl, otur!

“Otur” deyəndə onun qarşısında diz çökməyi nəzərdə tuturdu. Dürdanə onsuzda əlini divardan çəkən kimi yerə çökürdü. Bu dəfə də yaralı ayaqları ilə 24 saat öncə siqaret söndürülmüş dizlərinin üstünə çökür...

 

-         Qancıq, Karo səni Xankəndiyə apardı?

-         Hə... Apardı...

-         Sonra gətirdi?

-         Hə... Gətirdi...

-         (İstehza ilə) Ona mən zəng elətdirdim ki, qızı gətir qoy Əsgərana. Bilirsən nyə?

-         Niyə?

-         Çünki sən burda lazımsan! “Svyazistka”san axı…

 

Vladikin son sözünə sobada qızışan ermənilər gülməyə başlayır...

 

-         Bu ələ salmaq, alçaltmaq idi. Onlar güləndə mən pis olmurdum. Daha budur, neyləyə bilərəm? Onlar lağlağı elədikcə başımı aşağı salırdım. Nə dedikləri mənim üçün vacib deyildi. İçimdə qorxurdum. Amma elə halda idim ki, o sözlər məni maraqlandırmırdı. Ölümümü gözləyən adam idim. Heyim, əlacım olsa elə bir hərəkət eləyərdim ki, öldürərdilər, canım qurtarardı...

 

Vladik qarşılarında dizi üstə çökən qızı xeyli ələ salıb güləndən sonra soruşur:

 

-         Demişdin sənin qardaşın burdadır, hə?

-         Bəli...

-         Adı nədir?

-         Elşad... Ağayev...

 

-         Hə... (Yanındakından soruşur) Ordan soruşun görün ölməyib? (Dürdanəyə) Biz çox cavanlar öldürmüşük. Baxaq görək, qardaşın da içlərindədirmi... (Mühafizəyə) Apar bu iti sal yerinə!

 

Dürdanəyə qardaşının nə öldüsünü, nə də qaldısını deyir, yenidən gətirib kameraya tullayıb gedirlər. Səhər açılır...

 

-         Yenə bir nəfər gəlib dedi ki, “dur ayağa mənimlə gedək”. Halım var getməyə? Dəhlizə çıxanda ayağım büdrədi, yerə çökdüm. Bu vaxt əlini atıb tutdu saçımdan, başladı sürüməyə. Saçım çox uzun idi. Başım keyiyib, amma saçım dartıldıqca elə bilirəm indi beynim qopacaq. Başım, bədənim döyülməkdən, soyuqdan keyiyib. Zibillikdən çıxardanda şüşələr bədənimi cırıb. Üstündən də taxta ilə döyüblər... Bütün bədənim cırıq-cırıq, cızıq-cızıqdır. Hissiyyatım açıldıqca göynəmələrim başlayır.

O erməni məni sürüyüb tualetə apardı.

 

-         Tualet uzaqda idi?

 

-         Kamera dəhlizin bu başında idi, tualet isə o başında. Hardasa 8 metr olardı. O 8 metr məsafəni məni sürüdü. Sürüyəndə bir anlıq qışqırdım, sonra yenə susdum...

 

Dürdanəni tualetə qədər sürüyən erməni dayanmadan qışqırırdı:

 

-         Qancıq! O kamera sənə artıqdır! İndi layiq olduğun yerdə olacaqsan! Türk qancığı!

 

Onu saçlarından sürüyüb gətirib tualetə tulladı:

 

-         Qapı ilə üz-üzə bir əlüzyuyan var idi, iki də unitaz. Unitazlar da nə gündə idi... Saçımdan tutub qaldırırdı, buraxan kimi leş kimi düşürdüm yerə... O dar yerdə məni o divardan bu divara, bu divardan o divara çırpdı... Hardasa bir saatdan çox... Axırda məni unitazın qarşısında oturdub, əllərimi məftillə unitaza bağladı, çıxdı. Qaldım o çirkli, natəmiz, üfunət iyi verən yerdə... İyrənc suyun içində oturub bundan sonra nə olacağını gözləyirdim... Deyirdim, kaş yenə huşumu itirərdim...

 

Kişilər öz kameralarında səs-səsə verib bağırırdılar...

Dürdanə o vəziyyətdə haradasa 4-5 saat qalır. Nəhayət, bir rus əsgəri gəlib çıxır...

 

-         Rusca nəsə soruşdu, başa düşmədim. Gənc əsgər idi. Onda bizim dildə soruşdu ki, səni bura kim bağlayıb? Nə deyim? Çiynimi çəkdim...

 

-         Rus da azərbaycanca bilirdi?

 

-         Mən o əsgəri yadıma saldım, bizdə, Xocalıda olmuşdu. Ruslar hər iki tərəfdə dolanırdılar axı... Harda çörək var idi, orda idilər. Bizdə yol kənarlarına səki çəkirdilər, onda həmin rus əsgər orda işləyirdi. Görünür, onda bir neçə söz öyrənibmiş. Bu kimisə çağırdı ki, burda əlləri bağlı qız var, gəlin açın. Heç kim gəlmədi. O da çıxıb getdi...

 

Axşam qaranlıq düşəndə erməninin biri fənərlə gəlib Dürdanənin qollarını açır:

 

-         Səni bura kim bağlayıb?

-         Bilmirəm...

 

Açıb, sürüyüb aparıb həmin kameraya saldılar... Deyəsən bu gün də belə bitdi, ya da sadəcə onun gözü qaralırdı...

Bir gün yenə Karo gəlib onu çağırdı:

 

-         Hər dəfə o gələndə, lap qorxurdum, az qalırdı ürəyim partlasın. Mənə o qədər əzab vermişdi ki... İndi də şəklini görəndə o hala düşürəm... Mənə necə əzab verirlər versinlər, razıyam. Bircə Karo gəlməsin... Heç yırtıcı heyvan da onun qədər əzazil ola bilməzdi...

 

Dürdanə yenə yalın ayağını sürüyə-sürüyə, paltarlarının suyu axa-axa Karonun dalınca düşdü. Karo Dürdanəni UAZ-ın arxa oturacağına oturdub, özü isə sürücünün yanına keçərək “Tərpənək” əmri verdi. Yenə hara, niyə getdiklərini açıqlamırdılar. UAZ Əsgəran qalasından Xocalıya tərəf qalxırdı...

 

-         Həm ağrıdan, həm də qorxudan tərpənə bilmirdim. Pəncərədə qara pərdə var idi, başımı ora söykəyirdim, sürücü baxan kimi düzəlirdim. Qorxurdum deyələr niyə söykənirsən... Arxada tək oturmuşam, amma hiss eləyirəm ki, məndən də arxada, baqajda kimsə var... Nəfəs hiss eləyirəm, qəribə səs gəlir. Bir də gördüm ki, bu tükürpədici səs çoxalır. Risk eləyib gözucu baxanda vahimələndim... Bu insan deyildi... Nəsə çox vəhşicə fınxırmaq səsi idi. Hər an adamı parçalaya biləcək bir heyvanın səsi... Ya quduz it idi, ya da nə isə başqa bir yırtıcı heyvan... Düz yanımda... Əmin oldum ki, bir azdan açıb üstümə buraxacaqlar...

 

(Davamı olacaq…)

# 19960
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar