Bakıda yeniyetmə sevgililərin şoka salan hekayəti - TƏFƏRRÜAT
11 dekabr 2012 17:43 (UTC +04:00)

Bakıda yeniyetmə sevgililərin şoka salan hekayəti - TƏFƏRRÜAT

Bakıda baş vermiş bu hadisənin üstündən xeyli vaxt keçib. Lakin Lent.az olaraq maraqlılığını, insani tərəflərini və hər hansı KİV-də işıqlandırılmamasını nəzərə alaraq, bu olayı oxucularımızın diqqətinə çatdırırıq.

Bu hadisə ötən il Bakının Hövsan qəsəbəsində baş verib. 18 yaşlı Orucov Qüdrət Fikrət oğlu yeniyetmə yaşında həm anasını, həm də atasını itirib. O, böyük bacısı və kiçik qardaşı ilə birgə yetim qalıb. Q.Orucov 14-15 yaşından işləməyə başlayıb. O, qəsəbədəki avtomobil təmiri sexlərindən birində usta köməkçisi kimi işləyib. Bu vaxt ərzində məktəbə də getməyən Q.Orucov yaxınlıqda yaşayan Tacirə adlı qızı görüb və ona vurulub. Hüseynova Tacirə Məharət qızı Q.Orucovdan 2 yaş kiçik olub. Bir qədər sonra yazacağım hadisə baş verdikdə o, orta məktəbin 10-cu sinfində oxuyurmuş.

Gənc oğlanla qız xeyli müddət bir-birini seviblər, gizli görüşüblər. Nəhayət onlar münasibətlərini açıqlamağı lazım biliblər və evlənməyə qərar veriblər. Lakin qızın anası (T.Hüseynovanın valideynləri ayrılıb) bu izdivaca qəti şəkildə etiraz edib. O qızını “avara”, “yetim böyümüş küçə uşağına” verməyəcəyini bəyan edib. Bundan sonra anası qıza həmin oğlanla görüşməyi qadağan etsə də, gənclər yenə görüşüblər. Onlar nəyin bahasına olursa-olsun bir yerdə olmağa qərar veriblər: ya bir yerdə olacağıq, ya da birgə öləcəyik!

Həyatın sərt üzü ilə üzləşmiş sevgililər getdikcə sınır, onların mübarizə əzmi, ümid və həyat eşqləri tükənir. Nəhayət, gənc aşiqlər birgə ölməyə qərar veriblər.

Bunun üçün 18 yaşlı Q.Orucov işlədiyi avtotəmir sexindən “VAZ 2106” markalı avtomobili oğurlayıb (avtomobilin sahibi maşını bir müddət əvvəl 1200 dollara alıbmış və təmirə veribmiş). O, yaşadığı evə gələrək bacısının dodaq boyası ilə güzgüyə “Sağ olun, mən getdim, heç kim məndən inciməsin” yazıb və daha sonra xəstəxanaya bacısının yanına gəlib. Gənc oğlan bacısı ilə vidalaşıb və ondan kiçik qardaşından muğayat olmasını istəyib. Axşam evə qayıdan kiçik qardaş güzgüdəki yazını oxuyub. Bacısı və kiçik qardaşı Qüdrətin Tacirə ilə münasibətini bildiyindən elə fikirləşiblər ki, o qızı da götürərək qaçıb. Lakin bacısı ilə vidalaşdıqdan sonra gənc oğlan sevdiyi qızı da götürərək qaçırdığı avtomobillə Hövsan qəsəbəsi yaxınlığındakı çöllüyə gəlib. Burada o əvvəlcədən “tədarük etdiyi” benzini maşının üstünə töküb.

Hadisənin sabahısı günü ərazidən yanmış avtomobil tapılıb. Maşının içindən T.Hüseynova və Q.Orucovun meyitləri aşkarlanıb. Məlum olub ki, gənclər avtomobilin təhlükəsizlik kəməri ilə özlərinin bir-birinə möhkəm bağlayıblar və maşına od vurublar. Mütəxəssislər qeyd edir ki, xarici ölkə istehsalı olan avtomobillərdə təhlükəli hadisə baş verən kimi avtomatik kilidlənmə sistemi işə düşür və maşını tərk etmək mümkün olmur. “VAZ” markalı avtomobillərdə isə belə bir sistem yoxdur. Yəni maşının içində olan insan asanlıqla öz iradəsinə uyğun olaraq maşını tərk edə bilərdi. Lakin bu iki gənc əvvəlcədən birgə intihar etmək qərarına gəliblər və planlarını həyata keçiriblər.

Həmin hadisə ilə bağlı cinayət işi başlanılıb. Sonrada bütün faktlar və ekspertiza nəticələri olayın birgə intihar olmasını təsdiqləyib və cinayət işinə xitam verilib.

Qeyd edək ki, hadisədən sonra Q.Orucovun bacısı çoxlu dərman həbləri içərək intihara cəhd edib. Onun həyatı xilas edilib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10381

Oxşar yazılar