İranda Azərbaycana gətirilən 254 kq narkotik tutuldu
27 may 2010 16:45 (UTC +04:00)

İranda Azərbaycana gətirilən 254 kq narkotik tutuldu

MTN-in 1 ay ərzində keçirdiyi əməliyyatlar nəticəsində 24 nəfər saxlanılıb


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 24 nəfər, o cümlədən Azərbaycan Respublikasının 22, Rusiya Federasiyasının 2 vətəndaşı ifşa olunaraq yaxalanıb.



MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, onlardan ümumilikdə 254 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb, 11 cinayət işi başlanılıb.


Narkotrafikə qarşı mübarizə üzrə keçirilmiş bu əməliyyatların uğurla nəticələnməsində MTN və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin, həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin səmərəli işbirliyi xüsusi qeyd olunmalıdır.


Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində «İran-Azərbaycan-Türkiyə-Rusiya» marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasının qarşısı alınıb. Məlum olub ki, Azərbaycan vətəndaşları – Myasnikov Zeynal Sergey oğlu, Həsənov Tacəddin Arif oğlu, Bağışov Mehman Sabir oğlu, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.



Müəyyən edilib ki, Zeynal Myasnikov, Tacəddin Həsənov, Mehman Bağışov və həmin iranlılar arasında narkotik vasitələrin qaçaq yolla İrandan Azərbaycana, sonradan isə eyni üsulla Türkiyəyə, oradan da Rusiyaya göndərilməsi barədə əvvəlcədən razılıq əldə edilib. Bu razılaşmaya əsasən, İran vətəndaşları 102 kiloqram 716 qram həşiş qətranını yük maşınında gizlədərək qaçaq yolla İrandan Azərbaycana göndəriblər. Narkotik vasitələr «Avrasiya» nəqliyyat daşımaları şirkətinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev 10/22 ünvanında yerləşən anbarında gizlədilib. MTN əməkdaşları tərəfindən anbara keçirilmiş baxış zamanı kisələrin içindən həmin narkotik vasitə - həşiş qətranı aşkarlanıb.


MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən Moskva şəhərində birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı Adilxanov Radik Aliyeviç saxlanılıb, ondan 126 qram kokain və 6 kiloqram həşiş aşkarlanaraq götürülüb.

MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən Rusiya ərazisində birgə keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Rusiya vətəndaşı Turabov Rüfət Əlisəftər oğlu saxlanılıb, ondan 7 kiloqram 400 qram tiryək aşkarlanıb.


MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Tümen şəhərində «Bakı-Tümen» sərnişin qatarının bələdçisi Vəliyev Rövşən Rəşid oğlu saxlanılmış, onda 20 kiloqram 528 qram tiryək aşkarlanıb.


MTN və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş növbəti əməliyyat tədbiri ilə Yekaterinburq şəhərində «Bakı-Tümen» sərnişin qatarında Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Allahverdi Məhərrəm oğlu, Əliyev Əfsər Qarsalan oğlu, Hüseynov Abdulxeyir Musa oğlu, Hüseynov Bəhruz Xanoğlan oğlu və Rəhimov Məcid Elbrus oğlu saxlanılıb, onlardan 22 kiloqram həşiş aşkarlanaraq götürülüb.


MTN və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Azərbaycan Respublikasının vətəndaşı Məmmədov İlqar Süleyman oğlu yaxalanıb. Müəyyən edilib ki, İlqar Məmmədov və qeyriləri qabaqcadan əlbir olaraq narkotik vasitə olan 36 kiloqramdan artıq həşiş qətranını və 15 kiloqram 0,38 qram tiryəki satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlayıb və daşıyıblar.

MTN tərəfindən ardıcıl olaraq daha bir neçə əməliyyat tədbiri həyata keçirilib. «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Xancanov Ağalı Miralı oğlu, Bəşirov Qalası Məhərrəm oğlu və Sadıqov Saleh Sadıx oğlu yaxalanmış, onlardan 702,2 qram heroin aşkar edilərək götürülüb.

Digər əməliyyat tədbiri nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Quliyev İbrahim Yolçu oğlu, Məmmədov Taleh Müzəffər oğlu və Cavadova Aygün Habil qızı yaxalanmış, onlarda 9 kiloqramdan artıq həşiş aşkarlanıb.

Daha bir əməliyyat tədbiri ilə eyni marşrut üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Seyidov Elşən Bəhram oğlu və Tarıverdiyev Rizvan Dadaşbala oğlu yaxalanmış, onlardan 1 kiloqram 156 qramdan artıq heroin, həşiş və tiryək aşkarlanaraq götürülüb.

Növbəti əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycandan keçməklə Rusiyaya narkotik vasitələrin qanunsuz daşınmasına cəhd göstərən Azərbaycan Respublikasının vətəndaşları - Məhərrəmov Mübariz Rəcəb oğlu, Rəhimov Zərxan Raqif oğlu, Məmmədov Mikayıl İsa oğlu, İmaməliyev Əflatun Hacırza oğlu, İmaməliyev Sərvər Muxtar oğlu və İmaməliyev Hikmət Muxtar oğlu yaxalanmış, onlardan 32 kiloqram 845 qram həşiş aşkarlanıb.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar