Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bu gündən Bakı şəhərində bəzi məktəblər onlayn təhsilə keçib.
Lent.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.
Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant formada təşkil ediləcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi zamanı yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunur.