Elmira Süleymanova Moskva hadisələrlə bağlı rusiyalı həmkarına müraciət edib
17 dekabr 2010 16:22 (UTC +04:00)

Elmira Süleymanova Moskva hadisələrlə bağlı rusiyalı həmkarına müraciət edib

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məktubda deyilir: “11 dekabr 2010-cu il tarixdə Moskvada baş vermiş iğtişaşlarla bağlı dərin narahatlığımı bildirərək, Rusiya Federasiyası rəhbərliyinin və Moskva hökumətinin qeyri-rus millətlərinə qarşı iğtişaşların, zorakılıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirdiyi qanuni tədbirlərin yaxın müddət ərzində bu istiqamətdə qayda-qanunun bərpasına və belə hadisələrin təkrar olunmasının qarşısının alınmasına zəmanət verəcəyinə ümid bəsləyirəm.

Yüksək şəxsi nüfuzunuzu nəzərə alaraq, Sizə və RF-nin subyektlərinin insan hüquqları üzrə müvəkkillərinə Moskvanın Manej meydanında baş verən hadisələrin arzuolunmaz nəticələrinin aradan qaldırılması, qeyri-rus millətlərinin nümayəndələrinin, o cümlədən azərbaycanlıların insan hüquqlarının müdafiəsi, onların Rusiyada təhlükəsiz yaşamasının təmin olunması üçün təcili tədbirlər görülməsi xahişi ilə müraciət edirəm.

Bununla yanaşı, Rusiyada tarixən yaradılmış, müxtəlif xalqların nümayəndələrinin, o cümlədən Azərbaycan xalqının da öz töhfələrini verdiyi millətlərarası xoşməramlı münasibətlərin qorunub saxlanması və davam etdirilməsi bu gün olduqca zəruridir.
İnanıram ki, bu iğtişaşların təşkilatçıları və iştirakçıları layiqli cəzalarını alacaq, azərbaycanlıların Rusiya ərazisində təhlükəsiz yaşamasının təmin olunması üçün həyata keçiriləcək tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsinə, eyni zamanda ölkələrimizdə insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edəcək.

Ümid edirəm ki, həllində Rusiya və Azərbaycanın qarşılıqlı surətdə maraqlı olduğu həmin problemlə bağlı birgə fəaliyyətimiz mühüm həyati əhəmiyyət kəsb edən insan hüquq və azadlıqlarının tezliklə bərpa olunmasına, həmçinin təsisatlarımız arasında insan hüquqları sahəsində bağlanmış ikitərəfli sazişin həyata keçirilməsi üzrə əməkdaşlığın daha da təkmilləşməsinə xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar