"WhatsApp"da mesajlar pullu   olacaq - Dəyişiklik kimlərə aiddir?
28 sentyabr 2026 18:55 (UTC +04:00)

"WhatsApp"da mesajlar pullu olacaq - Dəyişiklik kimlərə aiddir?

0

"WhatsApp"ın biznes üçün nəzərdə tutulan API versiyasında mesajlaşma tariflərinin dəyişəcəyi bildirilir. Yenilik əsasən avtomatlaşdırılmış müştəri dəstəyi xidmətlərindən və çatbotlardan istifadə edən şirkətlərə aid olacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, İsraildə oktyabrın əvvəlindən xidmət mesajlarının ödəniş qaydasında dəyişiklik nəzərdə tutulur.

Qeyd edilir ki, əvvəlki qaydada şirkətdən dialoqun başlanmasına görə ödəniş tutulur, sonrakı 24 saat ərzində isə müştəri ilə əlavə ödənişsiz yazışmaq mümkün olurdu. Yeni qaydada xidmət mesajlarının ayrı-ayrılıqda hesablanacağı iddia edilir.

Bir mesaj neçəyə başa gələcək?

Məlumata əsasən, bir xidmət mesajının qiyməti təxminən 0,0056 dollar olacaq. Hər şirkətə ay ərzində ilk 1000 xidmət mesajını pulsuz göndərmək imkanı veriləcəyi bildirilir. Xərclər bu həddi keçən müəssisələr üçün yaranacaq.

Dəyişiklik daha çox böyük şirkətlərə və botlar vasitəsilə çoxsaylı qısa bildirişlər göndərən bizneslərə təsir edə bilər. Xərcləri azaltmaq üçün avtomatik cavabların bir neçə qısa mesaj əvəzinə, daha dolğun bir mesajda birləşdirilməsi tövsiyə olunur.

Adi istifadəçilər üçün nə dəyişəcək?

Xəbərdə söhbətin yalnız "WhatsApp Business" API platformasından getdiyi vurğulanır. Adi WhatsApp istifadəçilərinin şəxsi yazışmaları və kiçik bizneslərin istifadə etdiyi WhatsApp Business mobil tətbiqində əsas mesajlaşma xidməti üçün ödəniş nəzərdə tutulmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar