Elmi ekspedisiya kabusa  çevrildi: “Mağara” filminin sirli dünyası
28 sentyabr 2026 15:23 (UTC +04:00)

Elmi ekspedisiya kabusa çevrildi: “Mağara” filminin sirli dünyası

0

2005-ci ildə ekranlara çıxan “The Cave” (Mağara) macəra, elmi-fantastika və qorxu janrlarını bir araya gətirən filmlərdəndir. İllər keçməsinə baxmayaraq, yeraltı mağaralarda keçən gərgin süjeti ilə qorxu həvəskarlarının marağını qoruyub saxlayır.

Lent.az xarici mediaya istinadən film barədə məlumat verir.

Hadisələr peşəkar speleoloq və dalğıclardan ibarət tədqiqat qrupunun ətrafında cərəyan edir. Təcrübəli dalğıc qardaşların rəhbərlik etdiyi ekspedisiya Rumıniya karpatlarına yollanır.

Tədqiqatçılar qədim pravoslav kilsəsinin altında indiyədək araşdırılmamış nəhəng mağara sistemi və su altında qalan tunellər aşkarlayırlar. Əvvəlcə bu kəşfin mühüm elmi nəticələr verəcəyi düşünülür. Lakin mağarada baş verən uçqun yeganə çıxışı bağlayır və ekspedisiya üzvləri xilas olmaq üçün daha dərin tunellərə doğru hərəkət etməyə məcbur qalırlar.

Tezliklə məlum olur ki, mağaranın dərinliklərində onlar tək deyillər. Burada min illərdir yaşayan təhlükəli qanadlı canlılar gizlənir. Görmə qabiliyyəti olmayan bu varlıqlar exolokasiya vasitəsilə qaranlıqda istiqamətlənir, səs və istiliyə reaksiya verərək ovlarını tapırlar.

Vəziyyət qrup üzvlərindən birinin həmin canlılardan biri tərəfindən yaralanmasından sonra daha da təhlükəli hal alır. Naməlum canlı onun həm bədənində, həm də davranışında dəyişikliklər yaratmağa başlayır. Bundan sonra ekspedisiya üzvləri təkcə mağaradakı məxluqlardan deyil, bir-birlərindən də şübhələnməyə başlayırlar.

Film 1 saat 37 dəqiqə davam edir. “Mağara” 2006-cı ildə ABŞ Səs Montajçıları Assosiasiyasının mükafatında səs montajı və səs effektləri kateqoriyası üzrə nominasiyaya layiq görülüb. Qaranlıq atmosfer, məhdud məkan, qəribə canlılar və qəhrəmanlar arasında yaranan inamsızlıq filmi klassik yeraltı qorxu hekayələrindən birinə çevirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar