Azərbaycanın Xalq artistinin xadiməlikdən ulduza çevrilən  keçmiş həyat yoldaşının uğur yolu
28 sentyabr 2026 20:15 (UTC +04:00)

Azərbaycanın Xalq artistinin xadiməlikdən ulduza çevrilən keçmiş həyat yoldaşının uğur yolu

0

Dünyanın ən məşhur opera ifaçılarından biri olan Anna Netrebkonun zirvəyə gedən yolu heç də asan olmayıb. Bu gün böyük opera səhnələrinin ulduzu kimi tanınan sənətçi karyerasının ilk illərində hətta teatrda xadimə kimi çalışıb.

Lent.az xarici mediaya istinadən məşhur sopranonun həyat və yaradıcılıq yolundan bəhs edir.

Anna Netrebko mühəndis ana və geoloq atanın ailəsində dünyaya gəlib. Onun musiqi qabiliyyəti hələ uşaqlıq illərində diqqət çəkib. Valideynləri qızlarını Krasnodardakı “Kubanskaya pioneriya” xoruna yazdırıblar və məhz burada Annanın qeyri-adi səsi özünü göstərməyə başlayıb.

Müğənninin sözlərinə görə, uşaqlıqda operaya xüsusi marağı olmayıb, hətta televiziyada opera tamaşası görəndə kanalı dəyişirmiş. Lakin Sankt-Peterburqa səfəri zamanı Mariinski Teatrında izlədiyi tamaşa onun fikrini tamamilə dəyişib.

Bundan sonra Netrebko öz gələcəyini yalnız səhnədə görməyə başlayıb. Müxtəlif müsabiqələrə və konsertlərə qatılan Anna 16 yaşında doğma Krasnodarı tərk edərək Rimsk-Korsakov adına Sankt-Peterburq Konservatoriyasına daxil olmağa çalışıb.

Onun böyük səhnəyə gedən yolu da Mariinski Teatrından başlayıb. Lakin gələcəyin opera ulduzu burada dərhal əsas rollar almayıb. Netrebko əvvəlcə kütləvi səhnələrdə iştirak edib, daha sonra isə teatrda təmizlikçi kimi də çalışıb.

Annanın istedadını görən dirijor Valeri Gerqiyev onun opera karyerasında mühüm rol oynayıb. Netrebko Mariinski Teatrının səhnəsində müxtəlif partiyalar ifa etdikdən sonra dünyanın nüfuzlu teatrlarından dəvətlər almağa başlayıb.

Əvvəlcə Riqada qastrol səfərində çıxış edən sənətçi daha sonra San-Fransiskoda “Ruslan və Lyudmila” operasında səhnəyə çıxıb. Qısa müddətdə onun adı beynəlxalq opera aləmində tanınmağa başlayıb.

Netrebko müxtəlif müsahibələrində ABŞ-da tamaşaçıların ifaçıları daha asan qəbul etdiyini, İtaliyada isə auditoriyanın daha tələbkar olduğunu deyib. Buna baxmayaraq, o, İtaliyada da böyük uğur qazanıb. Sənətçinin müəllimlərindən və səhnə tərəfdaşlarından biri əfsanəvi Plasido Dominqo olub.

Opera dünyasındakı uğurları ilə yanaşı, Netrebko moda və şou-biznes sahəsində də diqqət mərkəzində olub. O, dəfələrlə məşhur jurnallar üçün fotosessiyalara çəkilib, şəxsi həyatı isə daim medianın marağında olub.

Netrebko uzun müddət uruqvaylı bariton Ervin Şrottla münasibətdə olub. Cütlüyün Tyaqo adlı oğlu dünyaya gəlib. Müğənni sonradan oğluna autizm diaqnozu qoyulduğunu açıqlayıb. Anna müsahibələrində oğlunun ünsiyyət qurmaqda çətinlik çəkdiyini, lakin çox müstəqil və səliqəli uşaq olduğunu söyləyib. Netrebko və Şrott 2013-cü ildə ayrılıblar.

Daha sonra opera ulduzunun azərbaycanlı tenor Yusif Eyvazovla münasibəti başlayıb. Cütlük münasibətlərini mediadan gizlətməyib və tez-tez birgə fotolarını paylaşıb. 2024-cü ilin yayında Anna Netrebko və Yusif Eyvazov ayrıldıqları açıqlanıb. Bununla belə, onların dost münasibətlərini qoruduqları bildirilib.

Gərgin səhnə həyatından sonra Netrebko istirahətə xüsusi ehtiyac duyduğunu da gizlətmir. Müğənninin sözlərinə görə, mürəkkəb opera partiyalarından sonra bəzən bütün günü heç kimlə danışmadan istirahət edir.

Sənətçinin başqa bir marağı isə rəssamlıqdır. Netrebko akvarel, yağlı boya və qrafika texnikalarında əsərlər yaradır. Onun bəzi rəsmləri hətta hərraclarda satılıb.

Anna Netrebko hesab edir ki, opera sənətində xarici görünüş müəyyən üstünlük yarada bilər, lakin əsas olan səs və istedaddır. Onun fikrincə, yalnız gözəllik heç bir sənətçini uğura apara bilməz.

анна нетребко

Анна Нетребко

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar