Azərbaycan-Rusiya sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı rəsmi məlumat yayıldı
16 iyul 2009 12:30 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı rəsmi məlumat yayıldı

Xarici ölkə vətəndaşı məhv edilib, dəstənin bir üzvü isə yaralanıb


Dövlət Sərhəd Xidməti (DSX) Balakən rayonu ərazisində baş vermiş silahlı toqquşma ilə bağlı məlumat yayıb.

DSX-nın Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumatda bildirilir ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri - hazırda şəxsiyyəti dəqiqləşdirilən xarici ölkə vətəndaşı məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar.

Hadisə ilə əlaqədar dərhal zəruri tədbirlər görülüb, əraziyə DSX-nin çevik bölmələri cəlb olunub. Silahlı dəstə üzvlərinin izlənilməsi zamanı onların atıb qaçdıqları səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddət qalmaq üçün təyinatlı olan ərzaq, geyim əşyaları, digər ləvazimat və avadanlıqlar aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri məlumatlandırılıb.

Fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

Mütəşəkkil silahlı dəstənin digər üzvlərinin aşkar edilərək yaxalanması üzrə birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
# 494

Oxşar yazılar