Qusarda 58 yaşlı kişini intim görüntülərlə şantaj edən gənc qız həbs olunub.
Lent.az-ın məlumatına görə, 26 yaşlı qız qeyri-rəsmi münasibətdə olduğu zərərçəkəni video ilə şantaj edərək ondan 3500 manat pul tələb edib.
İttiham aktına görə, Bakıda bioloji qida vasitələri satılan yerdə məsləhətçi işləyən 58 yaşlı Şükür Quliyev (ad və soyad şərtidir) Qusarda kafedə 26 yaşlı Günel Bağırova (soyad şərtidir) ilə tanış olub. Sonradan onlar arasında münasibət yaranıb və cütlük intim münasibətdə olub. Bu zaman qız öz telefonu ilə intim münasibətlərini videoya çəkib. Kişi çıxıb gedəndən sonra çəkdiyi videonu ona ataraq 3500 manat pul tələb edib. Şükür isə bu barədə polisə müraciət edib. Polis əməkdaşları şikayət əsasında Güneli saxlayıblar və onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 17 yaşında ailə qurub, 4 il sonra əri ölüb. Əvvəllər valideynləri ilə Qubada yaşasa da, onlardan küsüb Qusara gəlib və orada kafedə işləyib. Zərərçəkən Şükür isə Günelə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə Günel Bağırova 3 il müddətinə həbs olunub.