Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “FORD” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 35 yaşlı Cəfərov Arzu Qərib oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.