1991-ci ildə ekranlara çıxan “Defending your life” (“Başqa həyat naminə”) filmi 35 il sonra yenidən kino həvəskarlarının diqqətini çəkib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı rejissor Albert Bruksun çəkdiyi romantik fantastik komediyada baş rolları onun özü və məşhur aktrisa Meril Strip canlandırıb.
Film ölümdən sonrakı həyat, insan qorxuları və keçmişdə verilən qərarlarla bağlı maraqlı süjetə malikdir. Əsas qəhrəman Daniel avtomobil qəzasında həyatını itirdikdən sonra qəribə bir şəhərə düşür. Burada nə cənnət, nə də cəhənnəm var. İnsanları rahat istirahət məkanına bənzəyən bir şəhər qarşılayır. Lakin hər kəs xüsusi məhkəmədən keçməlidir.
Məhkəmədə insanların həyatı araşdırılır və onların qorxularına qalib gəlib-gəlmədikləri müəyyən edilir. Qorxularını dəf edənlər daha yüksək mərhələyə keçə bilir, uğursuz olanlar isə yenidən Yerə göndərilir. Daniel burada Culiya adlı qadınla tanış olur və ona aşiq olur. Lakin onların birlikdə olub-olmayacağı məhkəmənin qərarından asılıdır.
1 saat 52 dəqiqə davam edən film qorxu, sevgi və həyat seçimlərini yumorla təqdim edir.
2026-cı ildə filmə marağın yenidən artmasının səbəblərindən biri onun sosial şəbəkələrdə yayılan dialoqlarıdır. Xüsusilə qorxunun insanın imkanlarını necə məhdudlaşdırması barədə səhnələr diqqət çəkir.
Qeyd edək ki, ekran əsəri “Rotten Tomatoes” platformasında 97 faiz müsbət tənqidçi rəyi alıb.