Otelin sahibi şərikinin ailəsini qırdı
27 oktyabr 2026 11:55 (UTC +04:00)

Otelin sahibi şərikinin ailəsini qırdı

0

Hindistanın Quvahati şəhərində yerləşən “Bilas Inn” otelində silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib, daha bir nəfər yaralanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da yerli vaxtla saat 21 radələrində şəhərin Bora-Service rayonunda baş verib.

İlkin məlumata görə, hücuma otel binasının sahibləri ilə icarədar arasında yaranan mübahisə səbəb olub.

Quvahati polis komissarı Partha Sarathi Mahantanın sözlərinə görə, hadisə zamanı 6 nəfər güllə yarası alıb. Onlardan 5-i ölüb, sağ qalan yeganə şəxs isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı ölənlərdən dördünün otel sahiblərinin ailə üzvləri olduğu müəyyənləşib. Beşinci ölən şəxs və yaralı isə bina sahibləri ilə eyni kənddən olublar.

Polis hücumu törətməkdə şübhəli bilinən şəxsin Qhanakanta Qoqoi olduğunu açıqlayıb. Məlumata görə, o, təxminən bir il əvvəl oteli icarəyə götürüb. İlkin ehtimala əsasən, tərəflər arasında daşınmaz əmlakın icarə şərtləri ilə bağlı fikir ayrılığı yaranıb.

Hadisədən sonra ərazidən qaçan şübhəli bir saat ərzində şəhərin Paltan-Bazar rayonunda saxlanılıb. Onun üzərindən cinayətdə istifadə edildiyi ehtimal olunan, rəsmi icazəsi olan 32 kalibrli tapança götürülüb.

Polis ölənlərdən üçünün şəxsiyyətini müəyyənləşdirib. Onların Helena Bharali, Deborşi Kaşyap və Narayan Das olduğu bildirilib. Digər qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Hücumdan sağ çıxan yeganə şəxs 42 yaşlı Satyen Pathak olub. Çiynindən güllə yarası alan kişi Quvahati Tibb Kolleci və Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Polis komissarı vurğulayıb ki, hadisənin əmlak mübahisəsi zəminində baş verməsi hələlik ilkin istintaq versiyasıdır və əlavə araşdırma tələb edir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar