"Bütün respublikaya biabır olmuşam" - 276 minlik qızıl  oğurlayanların MƏHKƏMƏSİ
06 mart 2026 18:01 (UTC +04:00)

"Bütün respublikaya biabır olmuşam" - 276 minlik qızıl oğurlayanların MƏHKƏMƏSİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar etməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Q.O. oğurluq olduğu deyilən saatı Elnur adlı şəxsdən aldığını bildirib:

"Sonradan saatın oğurluq olduğunun fərqinə varıb onu geri qaytarmışam. "Rolex" markalı o saatı satış məqsədi ilə 8500 manata almışam. Aysel saatı Elnura göstərib özünüb olduğunu dedi. Yanında bir xanım da vardı. Heç bir sənəd, qutu təqdim etmədi. Çox keçmədən Aysel saatı satmaqdan imtina edib getdi. Bir neçə gün sonra gəldi, Elnurla nə isə danışdılar".

Şahid A.S. təqsirləndirilən Vüsal Zeynalovu yox, Ayseli tanıdığını deyib:

"Dostumla kafedə oturmuşduq. Yan masada Samirə və Aysel oturmuşdular. Yaxınlaşıb onlarla tanış olmuşuq. Bir gün dostum İbrahim zəng etdi ki, Samirə "Sea Breeze"də ev tutub, gedək ora. İkimiz oraya yollandıq. Axşam orada qalmayıb evə qayıtdıq. Səhəri gün İbrahim mənə yığdı ki, Samirə zəng edərək qızıllarının oğurlandığını deyib, gedim görüm nə məsələdir. Bir qədər keçdi, İbrahimə zəng elədim ki, nə baş verdiyini soruşum. Onun əvəzinə polis cavab verdi, mənə dur, sən də gəl bölməyə dedi. O gündən bu günə məsələ qurtarmır ki, qurtarmır. Bütün respublikaya biabır olmuşam. Samirə və Aysel də bölmədə idilər. Samirə Ayseli qoyub qayıtdı. Bölmədə mənə dedilər ki, Samirə səndən şübhələnir. Düşündüm ki, bu rəfiqəsini də qoyub getdiyinə görə yəqin məni tutdurmaq istəyir".

Şahid A.İ zərərçəkən Samirə xanımla kafedə tanış olduğunu bildirib:

"Münasibətimiz yarandı, görüşməyə başladıq. Axırıncını dəfə "Sea Breeze"də görüşdük. Həmin vaxt mən dostlarımla "See Breeze"də kortecdə qalırdıq. Axşam qayıtmışıq şəhərə, səhər xəbər tutdum ki, belə bir hadisə baş verib. Samirə ağlaya-ağlaya zəng edib dedi ki, qızılları oğurlanıb. Samirə hadisəni mənə danışanda dedi ki, gecə iki dəfə qapı döyülüb, qapını təkidlə açmağa çalışıblar".

Növbəti 16 mart saat  17:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il yanvarın 27-də Nərimanov rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1 000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.

Faktla bağlı hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2 ( Oğurluq - küllü miqdarda ziyan vurmaqla törədildikdə) 145.1( Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə- iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 180.2.2 ( Soyğunçuluq- təkrar törədildikdə) 180.2.5 (Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 742

Oxşar yazılar