Şərqi Afrika ölkəsi Burundidə cadugərlikdə ittiham olunan 6 nəfər öldürülüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə hakim partiyanın “İmbonerakure” kimi tanınan nüfuzlu gənclər hərəkatının üzvlərinin ittihamlarından sonra baş verib. BMT və insan haqları təşkilatları hərəkatı silahlı qrup kimi xarakterizə edir.
Rəsmilər bildirib ki, “İmboneraküre”nin bir qrup gənci cadugərlikdə ittiham olunan 10-a yaxın insanın evinə soxulub və sonra onlara hücum edib. Altı nəfər həlak olub, onlardan ikisi diri-diri yandırılıb. Digərlərinin isə başlarına daş atılıb və ya çubuqlarla döyülüblər.
Daha üç nəfər də döyülüb, lakin polisin müdaxiləsindən sonra xilas edilib.
Bujumbura əyalətinin qubernatoru Dezire Nsengiyumva bildirib ki, hadisə ilə bağlı 12 nəfər həbs edilib.
Human Rights Watch da daxil olmaqla bir sıra hüquq müdafiə təşkilatları, xüsusilə 2005-ci ildən 2020-ci ilə qədər hakimiyyətdə olan keçmiş prezident Pera Nkurunzizanın avtoritar hakimiyyəti dövründə “İmboneraküre”nin onlarla insanı öldürməkdə və işgəncə verməkdə ittiham edir.
Qeyd edilir ki, ötən il ölkənin Ali Məhkəməsi keçmiş baş naziri “prezidentin həyatını təhdid etmək, iqtisadiyyatı qeyri-sabitləşdirmək və qeyri-qanuni varlanmaq üçün cadudan istifadə etmək” kimi ittihamlarla ömürlük həbs cəzasına məhkum edib.