DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
09 iyun 2025 16:42 (UTC +04:00)

DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə Lent.az-a Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

Faktla bağlı Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

***
8 iyun, saat: 11:42

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1750

Oxşar yazılar