Gənc xanımı məhkəmələrdə süründürənin arxasında məmur dayanır? - 100 min dollarlıq DAVA
23 noyabr 2023 15:54 (UTC +04:00)

Gənc xanımı məhkəmələrdə süründürənin arxasında məmur dayanır? - 100 min dollarlıq DAVA

Qarşımızda əyləşən şikayətçi gənc xanımın danışdıqlarına inanmaq çox çətin idi.

Lent.az-ın əməkdaşına təqdim edilən qalaq-qalaq sənədlərdən və dəlillərdən sonra onun başına gələnlərin acı reallıq olduğunu gördük. Yalnız vəziyyətdə övlad saxlayan gənc bir xanım o qədər haqsızlıqla rastlaşıb ki...

Şikayətçimiz Ruqiyyə Həsənova Nurəddin qızıdır. Apardığı mübarizədə haqlıdır. Bunu biz yox, ölkənin bütün məhkəmə instansiyalarının verdiyi qərarlar söyləyir. Bəs bu qədər ali qərarlardan sonra Ruqiyyə xanım haqqını ala bilmirsə, problem nədədir?

Gəlin prosesə lap əvvəldən nəzər salaq...

Geridə uzun-uzun illər çəkən çəkişməli məhkəmə prosesləri qalıb. İndi kağız üzərində, bütün sənədlərdə hər şey qaydasındadır, yalnız məsələ icraya gəldikdə...

Bu çəkişməli məsələnin kökü 2018-ci ildən qoyulur. Həmin il fevralın 28-də Bakı şəhər 6 saylı notariat kontorunda Ruqiyyə Həsənova Nurəddin qızı və Fuad İbrahimov Ceyhun oğlu arasında kredit müqaviləsi bağlanır. Ölkənin rəsmi strukturunda bağlanan sənəddə aydın formada göstərilir ki, R.Həsənova F.İbrahimova 100 min ABŞ dolları verib. İbrahimov öz imzası ilə bunu təsdiq edir. Zaman keçir, lakin müqavilədə göstərilən öhdəliklər yerinə yetirilmir. Xanım Həsənova bir dəfə qarşı tərəfə humanizm göstərərək müqavilənin müddətinin uzadılmasına razılıq verir. Qarşı tərəfin iddiasına görə, F.İbrahimov kifayət qədər zəngin ailədən gəlir. Lakin buna baxmayaraq, müqavilənin şərtlərinə əməl etmək istəmir. Bir sözlə, hesab edir ki, onun imkanı olsa belə, yalnız başına övlad böyüdən gənc xanımın pulunu verməyə bilər.

Beləliklə, söhbət gedib çıxır məhkəmə proseslərinə. Bu uzun və yorucu yolun hamısını sizə sadalamaq üçün gərək səhifə-səhifə material təqdim edək. Təsəvvür edin ki, gənc xanım bütün məhkəmə proseslərində haqlı çıxır lakin qarşı tərəf prosesi uzatmaq, aldığı pulu verməmək üçün bütün qərarları şikayət edir. Hər dəfə bu şikayətin baxılması, yeni prosesin başlaması üçün kifayət qədər zaman keçir. Haqlı olduğun halda bu stressli gözləmə müddətinin yəqin ki, nə qədər yorucu və sağlamlığa zərərli olduğunu təsəvvür etmək çətin deyil. İnanılmazdır ki, məsələyə heç bir adiyyatı olmasa belə iş Konstitusiya Məhkəməsinə gedib çıxıb. Daha ondan o tərəfi yoxdur bu ölkədə. Bir xanım əli ilə verdiyi pulu bir kişidən ala bilmir ki, bilmir...

Məsələnin maddi tərəfi bir yana mənəvi sıxıntılar daha dözülməzdir. Əgər xanım bu uzun və əzablı keçən mübarizə üçün qarşı tərəfə növbəti mənəvi təzminat iddiası qaldırsa tam yerinə düşər. 

Məsələn, sənədlərin içərisində rastlaşdığımız qərarlardan biri də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasına aiddir. Yəni hüquqdan bir balaca belə anlayışı olan bilir ki, bu sonuncu nöqtədir. Həmin ali sənəddə isə yazılır ki, Fuad İbrahimovun kassasiya şikayəti təmin edilməsin. Və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4355/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qərar isə bizim şikayətçi xanımın lehinədir.

Bu ali sənədin sonunda yazılan cümlə isə daha çox diqqətimi çəkir –

Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir!

Lakin qətilikdən hələ ki, heç bir əsər-əlamət yoxdur. 5 il... Bəli, bu xanımın haqlı olduğu mübarizədə qarşı tərəf hər dəfə bir yolunu taparaq məsuliyyətdən yayınır, üzərinə düşən öhdəliyin yerinə yetirməməsi də bu qədər zaman ərzində davam edir. Dəfələrlə məhkəmələrdə 7-8 min manat borca görə, barəsində azadlıqdan məhrum etmə qərarı çıxarılan vətəndaşlarımızın şahidi olmuşuq. Bəs necə ola bilir ki, 100 min ABŞ dolları borcu olan şəxs hüquqi məsuliyyətdən yayına bilir? Təsəvvür edin ki, sənədləri araşdırarkən Fuad İbrahimovun barəsində polis tərəfindən axtarış qərarının verildiyinə rast gəldik. Bildirildiyinə görə isə, özü Abşeron rayon DYP-də mülki vəzifədə işləyir. Məlumata var ki, barəsində axtarış verildikdən sonra o, məzuniyyət və götürdüyü bülletenlər vasitəsilə işə getmir və onunla bağlı yaxalanma həyata keçirilmir.

Günlərin birində isə xanım onu gördüyü yerdən 102 qaynar xəttinə zəng edir və polislər gəlib onu həqiqətən də yaxalayırlar. Amma sonra... 

Fuad İbrahimovun bu yaxalanmadan da sonra azadlıqda qaldığını görən Ruqiyyə Həsənova prosesdəki hüquqi ziddiyyətlərin olduğu ilə bağlı bir çox rəsmi şəxslərə müraciət edir. Xanımın haqlı sualları var. Deyir ki, Bakı Appelyasiya Məhkəməsinin 2(103) – 4355/2022 – 006 saylı 09.08.2022-ci il tarixli qərarına görə İbrahimov Fuad Ceyhun oğlundan 100 000.00 ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq mənim xeyrimə ödənilməlidir:

“İcra tədbirləri nəticəsində Gədəbəy rayonu Novo-Saratovka kəndində qeydiyyatda olan cavabdehin yerini İcra məmuru müəyyən edə bilmədiyindən 11.04.2023-cü il tarixində Gədəbəy rayon Polis Şöbəsinin rəisinə qərar və məlumat ünvanlanıb və cavabdeh İbrahimov Fuad Ceyhun oğluna 15.04.2023-cü il tarixində axtarış elan edilib. Cavabdehin yaşayış ünvanı Bakı şəhəri, Nizami rayonu olduğundan, Nizami rayon 24-cü Polis Şöbəsinə axtarışla bağlı müraciət etmişəm, lakin əməkdaşlar əlaqə saxlasalar da Fuad İbrahimov axtarışda olduğunu bildiyini və Gədəbəy rayonuna hər şeyi aydınlaşdırmaq üçün yolda olduğunu deyib. Lakin həmin ünvana getməyib. Daha sonra mən Gədəbəy rayon Polis Şöbəsinə müraciət etmişəm. Məlum olub ki, Fuad İbrahimov Abşeron rayon DYP –də mülki vəzifədə çalışır. Axtarış aparan Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayon DYP-dən həmin şəxsin həqiqətən həmin qurumda çalışdığı araşdırılıb, əlaqə saxlanılıb. Cavabdeh dəfələrlə özü yaxınlaşacağına söz versə də, hələ də yaxınlaşmayıb”.

Xanımı narahat edən suallardan biri də budur ki, nə üçün yaşayış və iş yeri məlum olan cavabdeh saxlanılmır? 

Səlahiyyətli şəxslər isə şikayətçi xanıma izah etməyə çalışırlar ki, guya Fuad İbrahimov könüllü formada pulu geri qaytarmağa çalışır. Hətta bu məqsədlə məlum ünvanda olan evini satışa çıxaracaq. Lakin proses yenə də uzanıb. Bu zaman Ruqiyyə xanım həmin evlə bağlı balaca bir axtarışla öyrənə bilir ki, sözügedən mənzili satmaq mümkün deyil. Çünki o mənzil qarşı tərəfin başqa bir borcu və qanunsuz əməli ilə bağlı girovdadır. Maraqlıdır, adi bir vətəndaş bunu müəyyənləşdirə bilirsə, necə olur ki, Ədliyyə Nazirliyi kimi bir struktur Fuad İbrahimovun doğru olmayan vədinə inanır? İşlərin bu mərhələyə gəlməsi şübhə yaradır ki, onu hansısa məmur himayə edir. Şikayətçimizin bu istiqamətdə bir çox iddiaları belə var.

Ədliyyə Nazirliyinin İcra strukturlarından indiyə kimi yüzlərlə şikayətlə rastlaşmışıq. Lakin bütün qaydaların bu formada kobudcasına pozulması hallarına ilə ilk dəfə şahid oluruq

Hüququn ədalətin tərəzisi əyiləndə vətəndaş nə etməlidir? Bütün məhkəmə instansiyalarını keçən bir və haqlı olduğunu neçə-neçə qərarlarla sübut edın Ruqiyyə xanımın çıxış yolu nə olmalıdır bəs? Əgər qərarları işləməyəcəksə Azərbaycanda bu qədər məhkəmə nəyə lazımdır? Hesab edirəm ki, Ədliyyə Nazirliyi bizim bu ciddi suallarımıza cavab verəcək.

Proses günü bu günə kimi davan edir. Hətta bu gün növbəti məhkəmə prosesi keçirilməliydi, lakin naməlum səbəblərdən təxirə salınıb.

Ruqiyyə xanım qeyd edir ki, hazırda iş Nizami rayon İcra və Probasiya şöbəsindədir: “Konstitusiya Məhkəməsi ona göndərilən şikayəti baxılmadan saxladıqdan sonra Nizami rayon İcra və Probasiya şöbəsinə oradan məktub gətirdim. Guya işə başladılar. Əvvəl dedilər 10 gün könüllü müddəti var onu gözlə, həmin müddətin Gədəbəy İcra Probasiya şöbəsində çoxdan və dəfələrlə keçdiyini bildirdim. Lakin, dedilər burda ki iş yenidir. 10 gündən çox keçdikdən sonra Nizami rayon İcra və Probasiya şöbəsinə geri döndüm, dedilər Fuad hələ gəlməyib, səbəb maraqlananda bildirdilər ki, bəs deyir mənə bildiriş çatmayıb. Dedim tamam. O zaman bildiriş niyə çatmayıb? Dedilər poçtla maraqlan. Getdim şöbənin məktubları yönləndirilən poçta. Lakin orda məktub tapa bilmədik. Geri qayıdıb məktubun ştrix kodunu maraqlandım ki, poçtalyon tapa bilmir. Dedilər gözlə tapaq. Axtardılar, amma məlum oldu ki, məktub, ümumiyyətlə, göndərilməyib. Sonra da çağırdılar ki, bəs könüllü müddət yox imiş. Bu kimi halları saymaqla bitirmək olmaz. F.İbrahimov izahat yazıb ki, bəs DYP-də operator vəzifəsində çalışıram, 308 manat məvacib alıram, məvacibimdən tutulsun borcum. Ya da evimi hərraca çıxarsınlar. Poçt məsələsi ortaya çıxanda özümü bir növ alçaldılmış hiss etdim, o vaxt hələ Nizami rayonu İcra və Probasiya şöbəsinin rəisi Rəşad müəllimin yanına girmişdim, o da yanımdan zəng edib, F.İbrahimov üçün məcburi gətirilmə versin demişdi, amma sonra bildirdi ki, bəs ev hərraca çıxacaq, satılacaq. Dedim bəs ev girovdadı. Lakin buna baxmayaraq təqdimat göndərdilər məhkəməyə ki, evə həbs qoysunlar. Girovda olan mülkin nəyinə həbs qoyacaqlar?”

Sonda... Azərbaycanda qadın həmişə xüsusi bir yerə qoyulur. Lakin Fuad İbrahimovun etdikləri nə hüquqa, nə də ki, şərq mentalitetinə sığımır. Bu prosesi izləməkdə davam edəcəyik.

# 6741
avatar

Oxşar yazılar