Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-nin qüvvələri cəlb edilib.
FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
saat 16:50
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
Gəncədə evdə qaz partlayıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub.
Nəticədə, bir nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib./APA