Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər
23 iyul 2026 18:56 (UTC +04:00)

Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər

0

Uşaqlarda boy artımının ləngiməsi təkcə qeyri-kafi qidalanma ilə bağlı olmaya bilər. ABŞ-li alimlərin yeni araşdırması göstərib ki, bağırsaq mikrobiomundakı bəzi bakteriyalar hələ ana bətnində olarkən körpənin inkişafına mənfi təsir göstərə və sonradan boy artımının ləngiməsinə səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri tərəfindən aparılan və nəticələri Nature Microbiology jurnalında dərc olunan tədqiqat müəyyən edib ki, nazik bağırsaqda yaşayan bəzi mikroorqanizmlər iltihab yaradır, bağırsağın selikli qişasını zədələyir və qida maddələrinin mənimsənilməsini pozur. Tədqiqat əsasən ekoloji enterik disfunksiya (Environmental Enteric Dysfunction - EED) adlanan xroniki xəstəliyə həsr olunub. Bu xəstəlik daha çox qidalanma çatışmazlığı yaşayan uşaqlarda müşahidə olunur və orqanizmin qidadan kifayət qədər vitamin, mineral və digər vacib maddələri qəbul etməsinə mane olur. Nəticədə uşaqlarda boy artımının ləngiməsi, immun sisteminin zəifləməsi və zehni inkişaf problemləri yarana bilər.

Bakteriyalar anadan uşağa ötürülə bilər

Alimlər Banqladeşdə qidalandırıcı qarışıqlarla aparılan standart müalicəyə baxmayaraq sağalmayan uşaqlardan götürülmüş bağırsaq nümunələrini analiz ediblər. Araşdırma zamanı iltihab və inkişaf geriliyi ilə əlaqəli 14 bakteriya növü müəyyən olunub. Daha sonra bu bakteriyalar laboratoriya siçanlarına köçürülüb. Onlara Banqladeşin Dəkkə şəhərinin Mirpur rayonunda yaşayan insanların qidalanmasına bənzər rasion verilib. Nəticədə həmin siçanlarda uşaqlarda müşahidə olunan problemlərə bənzər əlamətlər yaranıb. Onlarda boy artımının ləngiməsi, qan analizlərində iltihab göstəricilərinin yüksəlməsi və bağırsağın selikli qişasının zədələnməsi qeydə alınıb.

Təsir hələ ana bətnində başlayır

Araşdırmanın ən mühüm nəticələrindən biri zərərli bakteriyaların təsirinin yalnız doğuşdan sonra başlamamasıdır. Alimlər müəyyən ediblər ki, hamilə siçanların bağırsaq mikrobiomunun tərkibi dölün inkişafına hələ ana bətnində olarkən təsir göstərə bilir. Tədqiqatın rəhbəri doktor Ceffri Qordon bildirib ki, bu xəstəliyin təsiri yalnız ananın bağırsağı ilə məhdudlaşmır və inkişaf etməkdə olan dölə də təsir edə bilir.

Diqqət mərkəzində olan bakteriya

Araşdırmada xüsusi diqqət çəkən mikroorqanizmlərdən biri Campylobacter concisus bakteriyası olub. Bu bakteriya normal halda insanın ağız boşluğunda rast gəlinir və adətən təhlükəli hesab edilmir. Lakin nazik bağırsağa düşdükdə onun xüsusiyyətləri dəyişə və iltihaba səbəb ola bilər. Bununla belə, alimlər qeyd edirlər ki, bu bakteriya təkbaşına həmişə xəstəlik yaratmır. Onun təsiri bağırsaqdakı digər bakteriyalarla qarşılıqlı əlaqədən və ümumi mikrobiomun vəziyyətindən asılıdır.

Yeni müalicə üsullarına ümid yaranıb

Tədqiqat zamanı zərərli bakteriyaların bir canlıdan digərinə keçə bildiyi də müəyyən olunub. İltihab yaradan mikrobioma malik siçanlarla sağlam mikrobioma sahib siçanlar birlikdə saxlanıldıqda bakteriyalar digər heyvanlara da ötürülüb və oxşar sağlamlıq problemləri yaradıb. Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə uşaqlarda qidalanma çatışmazlığı və boy artımının ləngiməsinin qarşısını almaq üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər. Onların fikrincə, gələcəkdə hamiləlikdən əvvəl və ya hamiləlik dövründə anaların bağırsaq mikrobiomunun təhlükəsiz şəkildə tənzimlənməsi iltihabı azaltmağa və uşaqların daha sağlam inkişafına şərait yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar