Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Lent.az-ın məlumatına görə, APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.
O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.
Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.
***
10:20
Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə alınıb.
Belə ki, 75-TA-349 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobillə 68-BD-131 dövlət nömrə nişanlı "QAzel" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər ölüb və 2 nəfər yaralanıb.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır./APA