“Şeytan çoxüzlüdür, bütün şeytanların başında isə iblis dayanır”.
Bu sözlər İranın Ali Rəhbəri Əli Xameneiyə məxsusdur.
Xameneinin dilindən çıxan bu kəlamlar əslində onun özünü xarakteriza edir. Onun xislətini göstərir. İranın ali dini lideri postunu tutan və özünü şiə dünyasının “ağası” kimi aparan Xamenenin rəhbərliyi altında molla rejiminin Azərbaycana qarşı həyata keçirdiyi siyasət yalnız şeytanlıq və iblisliklə müqayisə edilə bilər.
Azərbaycanın İrandakı əsas düşməni kimdir?
Azərbaycanın İrandakı əsas düşməni Seyid Həsən Amuli deyil. Bu adam Tohid İbrahimbəyli də deyil. Onlar şeytanlardır. Şeytanların başı isə Xameneinin özüdür. Uzun illər Azərbaycana qarşı aparılan ardıcıl düşmənçilik və təxribatçı siyasətin başında elə Əli Xameneinin özü dayanır. Bu sistem yalnız tezislərlə işləmir. Yaxud bu başqa-başqa fərdlərin şəxsi təşəbbüsü də deyil. Bu bir ideologiyadır. Bu Xamenei ideologiyasıdır. Ayrı-ayrı fərdlər də bu ideologiya ətrafında birləşiblər. İrandakı anti-Azərbaycan təxribatların başında məhz Xamenei ideologiyası dayanır.
Xameneinin Zəngəzur dərdi...
Xamenei Zəngəzur məsələsində Azərbaycana qarşı çıxan əsas fiqurdur. Hətta o, tarixi saxtalaşdırmaqla cəmi 100 il öncə Ermənistana verilən Zəngəzur bölgəsini minillik erməni torpağı adlandıracaq qədər erməni sevgisinə malikdir.
Xamenei Azərbaycanın dünyəvi, türk, suveren dövlət kimi mövcud olması faktından qorxur, burada din diktatura aləti deyil, şəxsi seçimdir. Onun tabeçilik, repressiya və qorxuya əsaslanan ideoloji modeli Bakını gördükdə dağılır. Və bu, onu qəzəbləndirir.
Xameneinin erməni sevgisi...
Hərdən türk dilində danışaraq özünü azərbaycanlı kimi təqdim edən bu adamın etnik mənsubiyyəti haqqında çox maraqlı faktlar var. İranın rəsmi şərh vermədiyi bəzi məlumatlara görə, Əli Xameneinin atası fars, anası isə etnik erməni olub.
İranın Ermənistan sevgisinin başında da məhz bu amil dayanır. Hələ o zaman ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edəndə, bir milyon dinc sakin doğma yurd-yuvalarından qovulanda Xamenei bircə dəfə də olsun Azərbaycan xalqına başsağlığı vermədi. Əksinə məhz Xameneinin təşəbbüsü ilə İran-Ermənistan münasibətləri inkişaf etdi, ticarət və logistika genişləndi. Hətta İran son 30 ildə Ermənistana etdiyi yardımların 1 faizini nəyinki Azərbaycana, heç doğma Təbrizimizə etməyib. Daim Azərbaycanın ünvanına şər-böhtan atmaqla məşğul olub. Zaman-zaman bizi İslamın düşməni, "sionistlərin aləti", regional sabitliyə təhlükə kimi göstərməyə çalışıblar. İranın informasiya resursları hər gün ölkəmizi iblisləşdirmək, rəhbərliyə inamsızlıq səpmək, təşəbbüslərimizin mahiyyətini təhrif etmək məqsədi daşıyan mətnlər dərc edir. Bütün bunlar İranın ali dini lideri Xameneinin nəzarətində olan mərkəzlərdən idarə olunur və qidalanır.
Xamenei ideologiyası
Xamenei ideologiyası və bu ideologiya uğrunda vuruşan mərkəzlər tək İranın daxilində işləmir. Onlar Ermənistana və hətta Azərbaycandakı əlamanlarına da tezislər göndərirlər. Şükürlər olsun ki, həmin mrkəzlərin Azərbaycana təsir dairəsi azalıb. Buna görə də onlar Ermənistan vasitəsi ilə sözlərini deyirlər. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son çıxışı Tehranın rəsmi siyasətinə nə qədər dərin və həyasızcasına düşmənçilik ritorikasının yerləşdirilməsinin növbəti təsdiqidir. Sübhani çoxdan diplomat deyil, sifarişli yalanların ruporudur. İlk dəfə deyil ki, o, faktlara və sağlam düşüncəyə birbaşa zidd olan bəyanatlar verir. O həddini aşaraq deyib ki, "Tehranda İsraillə İran arasında münaqişə zamanı az sayda İsrail pilotsuz təyyarələrinin qonşu ölkələrdən, xüsusən də Azərbaycandan İran ərazisinə daxil olması barədə məlumat var". Bu, sadəcə olaraq, yalan deyil, Azərbaycanı kiminsə müharibəsinə cəlb etmək, onu tərəfdaşlarının gözündə nüfuzdan salmaq, etimadsızlıq yaratmaq məqsədi daşıyan həyasız təxribatdır. Təbii ki, Sübhani heç bir dəlil gətirməyib. Çünki onlar yoxdur. Çünki bu bəyanat yuxarıdan verilən əmrin tərkib hissəsidir, məqsədi Bakını ləkələməkdir. Və əgər kimsə düşünürsə ki, səfir öz adından danışır, yanılır. Sübhani sadəcə rupordur. Əvvəllər də olduğu kimi bu bəyanatın arxasında birbaşa Əli Xamenei dayanır.
İblisin başı kimdir?
Azərbaycana qarşı hürənlərə yaşıl işıq yandıran məhz Xameneidir. Bunu görmək üçün dahi olmağa, politoloq olmağa ehtiyac yoxdur. Əgər bir ölkənin əyalət mollası Azərbaycana qarşı şər-böhtan atırsa, dövlətçiliyimizi təhdid edirsə, bundan başqa, Tohid kimi vətən xainlərinə qucaq açıb onlardan Azərbaycana qarşı istifadə edirlərsə və Xamenei onları cəzalandırmırsa, deməli iblisin başı elə o özüdür!