Rusiyalı jurnalistin cəsədi Fransanın Paris şəhərətrafı Medon şəhərindəki bir yaşayış binasının yaxınlığında tapılıb.
Lent.az bildirir ki, bu barədə "Le Figaro" qəzeti polis mənbəyinə istinadən məlumat yayıb.
Cansız rusiyalı yanvarın 6-da yeddinci mərtəbədəki mənzilinin pəncərələrinin altından tapılıb. İntihar versiyası araşdırılır. Pəncərənin qarşısında stul olub və polis zibil qutusunda çoxsaylı dərmanlar da tapıb.

Fransa mediası rusiyalının doğulduğu yeri Kraçorpok kimi göstərir. Onun həmçinin 38 yaşında olduğu bildirilir. Fransada yaşayan jurnalist Denis Balaşevin sözlərinə görə, sözügedən şəxs jurnalist Yevgeni Safronovdur.
Balaşev qeyd edib ki, Safronov işlədiyi media orqan xarici agent kimi tanındıqdan sonra 2022-ci ildən əvvəl Rusiyanı tərk edib. Altı ay əvvəl jurnalist Parisdə məskunlaşıb.
"O, depressiyada idi. Düz bir həftə əvvəl telefonlarının, sosial media hesablarının, ani mesajlaşma tətbiqlərinin və dövlət xidməti hesabının haker hücumuna məruz qaldığını bildirib ki, bu da onu çox narahat edib", - Balaşev yekunlaşdırıb.