Saxta əllilik dərəcəsi  verən həkimlərə ittham elan olundu 
24 dekabr 2025 18:35 (UTC +04:00)

Saxta əllilik dərəcəsi verən həkimlərə ittham elan olundu 

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən İntiqam Kərimovun vəkili vəsatət verərək, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirib və qərarını onunla əsaslandırıb ki, sözügedən şəxs azadlıqda olarsa, cinayətkar fəaliyyətə rəvac verə bilər. 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirləndirilənlərin əməli nəticəsində təmsil etdiyi quruma 4468 manat zərər dəydiyini, bu məbləğin onlardan tutularaq zərərçəkmiş qurumun hesabına ödənilməsini istəyib.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamlarda özlərini təqsirli bilmədiklərini deyiblər.

Növbəti proses yanvarın 28-i saat 12:00-a təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində baş vermiş qanunsuzluqlarla bağlı şikayətlər əsasında, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə olduğu müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girib. Onlar əlilliyin təyin olunmasına əsas verməyən hər hansı bir xəstəlikdən əziyyət çəkməyən şəxslərə əlillik dərəcəsi vermək məqsədilə külli miqdarda rüşvət alıblar. Bu şəxslər faktiki olaraq Həkim Məsləhət komissiyasında müayinədən keçirilməyiblər. Əliyev və digərləri bu məqsədlə TƏBİB-in “e-tabib” elektron sisteminə bilə-bilə yalan tibbi diaqnoz məlumatlarını daxil edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər. Onlar bu fəaliyyətlər müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlara əsasən, Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq (178.1) və yuxarıda göstərilən cinayətlərə kömək etmə (32.5, 308.2; 32.5, 311.3.2, 311.3.3; 32.5, 313) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Fərqanə Novruzova
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar