Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi BİLİNDİ - YENİLƏNİB
02 oktyabr 2026 12:05 (UTC +04:00)

Sumqayıtda 14 şagirdin zəhərlənmə səbəbi BİLİNDİ - YENİLƏNİB

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb. 

Agentlikdən Lent.az-a verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub. 

Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***
11:50

Bu gün Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, ilkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***

11:34

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.

Agentlikdən Lent.az-a bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***
11:25

Sumqayıtda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar