Türkiyədə sabiq icra başçısı  cinayətkar dəstənin başçısı çıxdı
24 iyul 2026 11:09 (UTC +04:00)

Türkiyədə sabiq icra başçısı cinayətkar dəstənin başçısı çıxdı

0

Türkiyənin Bursa şəhərində böyük korrupsiya əməliyyatı keçirilib. Bursa Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sədri Mustafa Bozbey istintaq materiallarında cinayətkar dəstənin rəhbəri kimi göstərilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa Baş Prokurorluğunun hazırladığı ittiham aktında ümumilikdə 63 nəfərin adı yer alıb. Mustafa Bozbey və digər şübhəlilər cinayətkar dəstə yaratmaq, rüşvət almaq, qanunsuz yollarla əldə edilmiş əmlakı leqallaşdırmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Araşdırmaya əsasən, qanunsuzluqlar Bozbeyin Nilüfər bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə başlayıb. İddia olunur ki, müəyyən tikinti layihələri üzrə qanunsuz güzəştlər edilib, bunun müqabilində isə pul və əmlak şəklində maddi mənfəət əldə olunub.

İttiham aktında Bozbeyin göstərişi ilə “Verev İnşaat” adlı şirkətin yaradıldığı və bu şirkətdən qanunsuz gəlirlərin gizlədilməsi üçün istifadə edildiyi bildirilir. Nilüfər bələdiyyəsinə məxsus torpaq sahəsinin həmin şirkətə olduqca aşağı qiymətə 25 illiyə icarəyə verildiyi də irəli sürülür.

İstintaq zamanı şübhəli şirkətlər arasında daşınmaz əmlakın ötürülməsi, milyonlarla lirəlik pul köçürmələri və “icarə haqqı” adı altında aparılan ödənişlər müəyyən edilib.

Prokurorluq dəstə üzvlərinin Mustafa Bozbeyin tapşırıqları əsasında hərəkət etdiyini iddia edir. Bozbey və digər şəxslər barəsində məhkəmə prosesi davam edir. Onların təqsirli olub-olmadığı məhkəmənin yekun qərarından sonra müəyyənləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar