Bakıda iş adamı bıçaqlayaraq, villasını qarət eən şəxslər saxlanılıb.
Yanvarın 10-da baş vermiş cinayət zamanı maskalılar Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan 59 yaşlı Akif Həmzəyevin evinə daxil olub ona bıçaqla xəsarət yetiriblər. Sonra onlar içərisində 650 min manat olan seyfi qarajda olan “VAZ-2121” markalı avtomobilə qoyaraq qaçırıblar. Cinayət hadisəsindən təxminən 3 ay keçəndən sonra iş adamının evində baş vermiş cinayətlə bağlı Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobildə tutulublar. Daha sonra isə villanı onlara nişan verən Murad Muradov və daha 3 nəfər tutulub.
Dəstə üzvləri əldə etdikləri pulla “BMW-X5”, “Range Rover”, torpaq sahələri, mənzil alıblar. "Dostlar" hətta avtomobillərinə də sonu 90 -- 666 olan dövlət nömrə nişanı alıblar. Daha sonra isə Dubay şəhərinə istirahətə gediblər. Hətta bahalı yaxtanın bir sutkalıq kirayəsi üçün 7 min dollar pul ödəyərək kef çəkiblər.
Hadisə baş verən zaman zərərçəkmiş Akif Həmzəyevin gül biznesi ilə məşğul olduğu bildirilmişdi.
Əldə etdiyimiz məlumata görə, Akif Həmzəyev “Ağ çiçəyim” gül dükanları şəbəkəsinin rəhbərlərindən biridir.
Şirkətdən də Akif Həmzəyevin rəhbər olmasını təsdiqlədilər.
Milli.az