“RoyalBank”ın vəzifəli əməkdaşlarının məhkəməsi başladı
17 noyabr 2014 12:03 (UTC +04:00)

“RoyalBank”ın vəzifəli əməkdaşlarının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və digər şəxslərin cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə , bankın keçmiş əməkdaşları, Natiq Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), Arif Hacıqurbanov 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), Rövşən Qasımov 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirlər. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.

 

Qeyd edək ki, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhər sakinini aldadıb guya bankda sonuncunun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirib.


O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməsinə, bundan başqa filialın kredit mütəxəssisi Arif Hacıqurbanov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhər sakinin şəxsiyyət vəsiqəsinin surətindən və əmək haqqı barədə qanunsuz hazırladığı rəsmi sənəddən istifadə edərək sonuncunun adına 5 min 100 ABŞ dolları kredit rəsmiləşdirərək xeyli miqdarda özgə əmlakını ələ keçirib.


Natiq Bayramov filialın xəzinədarı Rövşən Qasımov adına kredit rəsmiləşdirilmiş Bakı şəhər sakininin iştirakı olmadan kredit məbləğini kredit mütəxəssisi Arif Hacıqurbanova verməsinə şübhələr üzə çıxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008

Oxşar yazılar