Ağdam rayonunda polisin baltalanması olayının təfərrüatları məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 32 yaşlı Bəbirov İmran İsmayıl oğlu dekabrın 22-də saat 22 radələrində Tərtərdən Ağdam, yaşadığı Baharlı 1 qəsəbəsi, 267 saylı evə qayıdıb. Bu zaman o evinin həyətində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 37 yaşlı Hacıyev Siyavuş İbrahim oğlunu görüb. S.Hacıyevi həyətində görən İ.Bəbirov əsəblərinə hakim ola bilməyib və dava-dalaş salıb. O, S.Hacıyevi döyüb və balta ilə xəsarət yetirib. Polis nəfəri həm də həyat yoldaşına xəsarətlər yetirib.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
****
12:11
Azərbaycanda polis əməkdaşı cinayət törədib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdam rayonunun Baharlı qəsəbəsində qeydə alınıb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İmran Bəbirov mübahisə zəminində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Siyavuş Hacıyevə balta ilə xəsarət yetirib. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən İ. Bəbirov saxlanılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.