Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin ofisində ARDNŞ ilə Gürcüstanın Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənədi ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov imzalayıblar.
Memorandum çərçivəsində müxtəlif olimpiya proqram və layihələrinin, Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin xətti ilə keçirilən idman tədbirlərində iştirakın dəstəklənməsi, Gürcüstan Milli Olimpiya Komitəsinin regional təşkilatları səviyyəsində proqramların həyata keçirilməsi, idmançılara və məşqçilərə sosial kömək məqsədilə tibbi idman mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, nəşriyyat və maarifləndirmə işinin təşkili nəzərdə tutulur.