Azərbaycanın bir sıra bölgələrində baş vermiş oğurluq hadisələrinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən həmin hadisələrin bir neçəsini təqdim edir:
Nizami RPİ 24-cü PB, Baş Mühafizə İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 25-də paytaxtın Nizami rayonu ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Əliyev Yevlax rayonu ərazisində saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari il yanvar ayının 24-də daha bir mənzildən 120 manat oğurlaması da müəyyən edilib.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 18-dək olan müddətdə 4 bağ evindən kombi, su mühərriki, təmir-tikinti alətləri və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Əliyev saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş Nuhan Gülümcanovun ətrafında Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun ötən il dekabrın 3-də rayon ərazisindəki kafelərin birindən 642 manat oğurlaması da müəyyən edilib.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari il yanvarın 24-dək olan müddətdə şəhər ərazisində 5 evdən və həyətyanı sahələrdən məişət əşyaları, 10 ev quşu və 30 göyərçin oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Əliyev saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş Elmar Hacıyevin ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 28-də rayon ərazisindəki inzibati binaların birindən 850 manat dəyərində məişət əşyaları, habelə 2 evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.