Noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərini işıqlandırmaq üçün yola çıxarkən bizi qarşıda üç günlük intensiv iş qrafiki, çoxsaylı görüşlər, mühüm siyasi hadisələr və iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə şahidlik etmək imkanı gözləyirdi. Noyabrın 19-dan 21-dək davam edən səfər həm siyasi-diplomatik təmasların intensivliyi, həm də müzakirə olunan məsələlərin əhatə dairəsi baxımından Azərbaycan–Vyetnam əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni məzmun qazandığını nümayiş etdirdi.
Hanoya yaxınlaşarkən təyyarənin pəncərəsindən görünən ilk mənzərə isə şəhərin təbiətlə vəhdətini əks etdirirdi. Göllər, çaylar, yaşıllıqlar və bir-birini əvəz edən mənzərəli ərazilər Vyetnamın özünəməxsus coğrafiyasını ilk andan hiss etdirirdi. Noyabr ayında müşahidə olunan mülayim hava da səfərin ilk təəssüratlarını tamamlayırdı. Tropik iqlim qurşağında yerləşən bu ölkənin paytaxtında payızın sonuna təsadüf edən günlərdə havanın nisbətən mülayim olması şəhərlə tanışlıq üçün əlverişli şərait yaradırdı.
Hanoy hava limanında isə təbiət mənzərələrindən daha fərqli, xüsusi bir mənzərə ilə qarşılaşdıq. Azərbaycan və Vyetnam bayraqları, nümayəndə heyətimizə göstərilən diqqət və səmimi münasibət səfərin ilk dəqiqələrindən iki ölkə arasında mövcud olan dostluğun rəmzi ifadəsinə çevrilmişdi. Bu münasibət yalnız rəsmi protokolla məhdudlaşmırdı. Azərbaycan nümayəndə heyətinin üzvlərinə, o cümlədən səfəri işıqlandıran jurnalistlərə göstərilən diqqət Vyetnam tərəfinin ölkəmizə və xalqımıza münasibətinin gündəlik ünsiyyətdə də hiss olunduğunu göstərirdi.

Hanoyla ilk tanışlıqda diqqət çəkən başqa bir xüsusiyyət isə şəhərin nəqliyyat mənzərəsi idi. Küçələrdə avtomobillərdən daha çox motosiklet və mopedlər gözə dəyirdi. İlk baxışda qırmızı işıqda dayanan motosikletlərin çoxluğu şəhərdə bu nəqliyyat vasitələrinə həsr olunmuş hansısa xüsusi tədbirin keçirildiyi təəssüratını yarada bilərdi. Lakin bir küçədən digərinə keçdikcə, eyni mənzərənin şəhərin müxtəlif istiqamətlərində təkrarlandığını gördükcə bunun Hanoyun adi həyat ritmi olduğunu anlayırsan. Yol kənarlarında sıralanan onlarla motosiklet və moped, hərəkətin bu nəqliyyat vasitələrinin ətrafında formalaşması qısa müddətdə şəhərin gündəlik reallığı kimi qəbul edilir.

Hanoyun küçələri yalnız nəqliyyatın intensivliyi ilə deyil, mətbəxi ilə də yadda qalır. Vyetnam yeməkləri burada restoranlarla yanaşı, küçələrdəki kiçik satış məntəqələrində, səyyar piştaxtalarda da təqdim olunur. Dünyanın müxtəlif ölkələrindən gələn turistlərin maraq göstərdiyi məşhur vyetnam şorbaları, düyü yeməkləri, əriştə, təzə göyərti və müxtəlif ədviyyatlarla hazırlanan təamlar şəhərin özünəməxsus atmosferinin bir hissəsidir. Küçə mətbəxi Hanoyun həyat tərzini, yerli insanların gündəlik vərdişlərini yaxından müşahidə etmək üçün də imkan yaradır.
Tarixi məkanları, gölləri, qədim memarlıq nümunələri və yaşıllıqları ilə seçilən Hanoyda müasir şəhər həyatı ilə tarixi irs bir-birini tamamlayır. Hoan Kiem gölü, Ədəbiyyat məbədi, Ho Şi Min mavzoleyi və qədim şəhər məhəllələri paytaxtın yaddaşında xüsusi yer tutur. Bu məkanlar Vyetnamın yalnız bugünkü inkişafını deyil, həm də dövlətçilik və milli kimlik tarixini anlamağa kömək edir.
_1795265253.jpg)
Tarixi dostluğun təməlində qarşılıqlı dəstək və həmrəylik dayanır
Səfərin siyasi məzmununu anlamaq üçün Azərbaycan və Vyetnam xalqları arasında münasibətlərin tarixinə nəzər salmaq kifayətdir. Bu münasibətlərin kökləri hələ ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ilin iyulunda Vyetnamın qurucusu və ilk prezidenti Ho Şi Minin Azərbaycana səfəri iki xalq arasında dostluq və əməkdaşlığın mühüm başlanğıc nöqtələrindən biri olub. Həmin səfər zamanı Ho Şi Min Azərbaycanın sənaye müəssisələri, xüsusilə neft sənayesi ilə tanış olub. Sonrakı illərdə azərbaycanlı mütəxəssislər Vyetnamın neft sənayesinin inkişafına dəstək göstəriblər.
Bu tarixi əlaqələr Vyetnamda bu gün də ehtiramla xatırlanır. Noyabrın 20-də Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunqla görüşündə də bu məqam xüsusi vurğulandı. Baş nazir bildirdi ki, Vyetnam Hökuməti və xalqı milli azadlıq və milli birləşmə uğrunda mübarizə dövründə Azərbaycan xalqının göstərdiyi dəyərli dəstək və yardıma hər zaman yüksək qiymət verib. O, 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfərinin xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənəsinin əsasını qoyduğunu xatırlatdı.
Prezident İlham Əliyev də bu tarixi bağlılığın qarşılıqlı xarakter daşıdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın Vyetnam xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsini hər zaman dəstəklədiyini, 2020-ci ildə ərazilərimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı isə Vyetnam xalqı və Hökumətinin Azərbaycana, o cümlədən BMT Təhlükəsizlik Şurasında güclü dəstək göstərdiyini bildirdi.
_1795264816.jpg)
Bu fikirlər iki ölkə arasındakı münasibətlərin yalnız diplomatik protokol və siyasi maraqlarla məhdudlaşmadığını, tarixi yaddaş, qarşılıqlı ehtiram və çətin dövrlərdə nümayiş etdirilən həmrəylik üzərində qurulduğunu göstərir.
Noyabrın 20-də Hanoyda “İnqilab şəhidləri” abidəsinin ziyarət edilməsi də məhz bu tarixi yaddaşa ehtiramın ifadəsi idi. Prezident İlham Əliyevin abidə önünə əklil qoyması Vyetnam xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinə Azərbaycanın verdiyi dəyərin rəmzi kimi diqqət çəkirdi.
Bu məqamı səfər çərçivəsində söhbətləşdiyimiz Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri prezidenti Nqiyem Vu Xainin fikirləri də tamamlayır. O, Prezident İlham Əliyevin səfərinin siyasət, iqtisadiyyat, elm, texnologiya, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirdi. Nqiyem Vu Xai hesab edir ki, səfərdən sonra iki ölkənin hökumətləri birgə fəaliyyət planı hazırlamalı, əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə çalışmalıdırlar. Onun fikrincə, hazırkı dövr ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli zamandır.

Hanoy Universitetinin müəllimi, ədəbiyyatşünas və tərcüməçi Nquyen Van Cienlə söhbətimizdə də tarixi dostluğun Vyetnam cəmiyyətindəki yeri aydın hiss olunurdu. O, vyetnamlıların Azərbaycan xalqına böyük minnətdarlıq duyduğunu, müharibə illərində azərbaycanlıların Vyetnama hərtərəfli yardım göstərdiyini vurğuladı. Onun sözlərinə görə, həmin dövrdə Vyetnamın hərbi qulluqçuları, zabitləri və əsgərləri Azərbaycanda təhsil alıb, hərbi hazırlıq keçiblər. Cien həmçinin Heydər Əliyevin Vyetnamın neft sənayesinin və mühüm infrastruktur layihələrinin inkişafına verdiyi töhfələri xatırlatdı.
Bu gün də həmin əlaqələrin izlərini görmək mümkündür. Sovet dövründə təxminən 5 min vyetnamlı Azərbaycanda təhsil alıb. Onlardan təxminən 2 mini neft mühəndisliyi üzrə ixtisaslaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan bu mütəxəssislərin bir qismi sonradan Vyetnamın iqtisadi inkişafında, xüsusilə enerji sektorunda mühüm rol oynayıb. 2025-ci ildə universitetdə Ho Şi Minin 135 illiyinə həsr olunmuş xatirə otağının açılması da bu tarixi bağların yaşadılmasına xidmət edir.
Strateji tərəfdaşlıq siyasi iradədən konkret layihələrə doğru
Noyabrın 20-də Prezident İlham Əliyevin Baş nazir Le Minh Hunqla görüşü səfərin iqtisadi və praktiki gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Görüşdə hər iki tərəf mövcud əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirməklə yanaşı, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Baş nazir Le Minh Hunq qeyd etdi ki, ikitərəfli ticarət hələlik nisbətən aşağı səviyyədədir və sabit artım trayektoriyasına çatmayıb. Bununla belə, inkişaf üçün ümidverici əlamətlər var. O, hər iki ölkənin bərpaolunan enerji, ticarət, daşınmaz əmlak və turizm sahələrində fəaliyyət göstərən şirkətlərinin olduğunu, müdafiə, təhlükəsizlik və enerji sahələrində potensialın konkret nəticələrə çevrilməsinin vacibliyini bildirdi.
Prezident İlham Əliyev də sosial-iqtisadi sahədə müsbət dinamikanın olduğunu, lakin əldə edilən nəticələrlə kifayətlənməyin mümkün olmadığını söylədi. Dövlətimizin başçısı enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində üzərində iş gedən mühüm layihələrin olduğunu diqqətə çatdırdı.
Görüşdə Azərbaycanın neft məhsullarının Vyetnama və Vyetnam ərazisindən region ölkələrinə ixracı, birgə istehsal imkanları, enerji sahəsində əməkdaşlıq müzakirə edildi. Müdafiə sənayesi, tikinti, turizm və birbaşa aviareyslərin açılması məsələləri də gündəlikdə yer aldı. Prezident İlham Əliyev Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını vurğuladı.

Burada Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazda mühüm logistika və energetika habı olan Azərbaycan Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnam üçün Avropa və region bazarlarına çıxış baxımından əlverişli tərəfdaşdır. Digər tərəfdən, Vyetnamın istehsal və ixrac potensialı Azərbaycan biznesi üçün Cənub-Şərqi Asiya bazarında yeni imkanlar yarada bilər. Beləliklə, tərəflərin coğrafi və iqtisadi üstünlüklərinin bir-birini tamamlaması əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin formalaşdırır.
Bu kontekstdə Azərbaycanın SOCAR-ı ilə Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin dərinləşdirilməsi, neft-qaz və enerji məhsullarının təchizatı, bərpaolunan enerji layihələri diqqət çəkir. Külək və Günəş enerjisi sahəsində əməkdaşlıq, eləcə də enerji təhlükəsizliyi məsələləri iki ölkənin iqtisadi gündəliyində yer alan istiqamətlərdəndir.
Bakıda Vyetnam səfirliyi açılır: Diplomatik münasibətlərdə yeni mərhələ
Səfər çərçivəsində diqqət çəkən mühüm açıqlamalardan biri də Vyetnamın Azərbaycanda səfirliyinin açılması ilə bağlı oldu. Baş nazir Le Minh Hunq yaxın vaxtlarda Bakıda Vyetnam səfirliyinin fəaliyyətə başlayacağını bildirdi. Prezident İlham Əliyev bu qərarı yüksək qiymətləndirərək Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini, diplomatik nümayəndəliklərin tam fəaliyyətinin əlaqələrin inkişafına ciddi təkan verəcəyini vurğuladı.
Bu qərarın siyasi və diplomatik əhəmiyyəti ilə yanaşı, praktiki tərəfi də var. Vyetnam Cənubi Qafqazda səfirliyini Azərbaycanda açmaqla ölkəmizi regionda əsas diplomatik tərəfdaşlarından biri kimi müəyyənləşdirir. Bakıda səfirliyin fəaliyyətə başlaması siyasi dialoqun intensivləşməsinə, biznes dairələri arasında əlaqələrin asanlaşmasına, konsulluq və humanitar əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.
Noyabrın 21-də isə səfərin əsas siyasi hadisəsi – Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşü və danışıqları baş tutdu. Hanoydakı Milli Assambleyanın binası qarşısında keçirilən rəsmi qarşılanma mərasimi də bu səfərə verilən yüksək önəmi nümayiş etdirirdi.
Səhər saatlarından mərasimə hazırlıq işləri aparılırdı. Meydan Azərbaycan və Vyetnam bayraqları ilə bəzədilmiş, qırmızı xalçalar döşənmiş, fəxri qarovul dəstəsi son hazırlıqlarını tamamlamışdı. Uşaqların əllərində iki ölkənin bayraqları ilə mərasimdə iştirakı da diqqətçəkən mənzərə idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın olduğu kortej meydana yaxınlaşdıqda onları Prezident To Lam və xanımı No Fon Li qarşıladılar. Dövlət himnləri səsləndirildi, fəxri qarovul dəstəsi qarşısından keçildi, nümayəndə heyətləri təqdim olundu.
Geniş tərkibdə keçirilən görüşdə Prezident To Lam Azərbaycanın Vyetnam üçün mühüm strateji tərəfdaş olduğunu vurğuladı. O, 2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini ikitərəfli əlaqələrdə tarixi mərhələ kimi xarakterizə etdi. Vyetnam Prezidenti bildirdi ki, əsas vəzifə əməkdaşlığın məzmununu şaxələndirmək, onu konkret proqramlara, layihələrə və nəticələrə çevirməklə xalqlara fayda qazandırmaqdır.
Prezident İlham Əliyev isə Vyetnamın sürətli sosial-iqtisadi inkişafını və beynəlxalq arenada artan rolunu qeyd edərək, münasibətlərin strateji əhəmiyyət daşıdığını bildirdi. Dövlətimizin başçısı iki xalq arasında tarixi əlaqələrin olduğunu, Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfərinin və sonrakı əməkdaşlığın bu münasibətlərin inkişafında mühüm rol oynadığını xatırlatdı.
Birgə Bəyanat: Əməkdaşlığın geniş yol xəritəsi
Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanat qəbul etməsi oldu. Sənəd iki ölkənin 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri qarşılıqlı etimad, bərabərlik və hörmət əsasında formalaşdırdığı ənənəvi dostluğu təsdiqləməklə yanaşı, 2025-ci il mayın 7-də strateji tərəfdaşlığın qurulması haqqında qəbul edilmiş Birgə Bəyanatın prinsiplərinə sadiqliyi bir daha ortaya qoydu.
Yeni sənəddə siyasi və diplomatik əlaqələrin, parlamentlərarası əməkdaşlığın, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişaf etdirilməsi nəzərdə tutulur. İqtisadi sahədə ticarət və investisiyaların təşviqi, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, mədənçıxarma və alüminium sənayesi üzrə əməkdaşlıq prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Enerji sahəsində neft və qaz əlaqələrinin gücləndirilməsi, enerji məhsullarının təchizatı, xam neft və mayeləşdirilmiş təbii qazın – LNG-nin tədarükü üzrə uzunmüddətli razılaşmaların əldə edilməsi imkanları xüsusi qeyd olunub. İqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və yaşıl inkişaf üzrə birgə proqramların həyata keçirilməsi də sənəddə yer alıb.

Nəqliyyat sahəsində də konkret istiqamətlər müəyyənləşdirilib. Dəmir yolu, avtomobil, hava və dəniz bağlantıları üzrə təcrübə mübadiləsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə etməklə əməkdaşlığın təşviqi nəzərdə tutulur. Bu, Vyetnam şirkətlərinin Azərbaycan üzərindən Avropa və digər region bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Birgə Bəyanatda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsi, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və kibercinayətkarlıqla mübarizə məsələləri də əksini tapıb.
Təhsil, mədəniyyət və turizm sahələrində isə birbaşa uçuşların təşviqi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, şəhər və əyalətlər arasında qardaşlaşma əlaqələrinin qurulması, tələbə təqaüdləri və birgə tədqiqat layihələri nəzərdə tutulur. BMT, Qoşulmama Hərəkatı, AQEM və ASEAN çərçivəsində əməkdaşlığın genişləndirilməsi də sənədin mühüm istiqamətlərindəndir.
Bu müddəalar göstərir ki, strateji tərəfdaşlıq artıq yalnız siyasi bəyanat səviyyəsində qalmır. Tərəflər əməkdaşlığın konkret sahələrini, mexanizmlərini və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər.
Humanitar əlaqələr – dostluğun insanlara toxunan tərəfi
Səfərin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıq idi. Noyabrın 20-də Birinci vitse-prezident Mehriban Əliyevanın Vyetnamın vitse-prezidenti Vo Ti An Suan ilə görüşü keçirildi. Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı.
Bu xüsusda Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr xüsusi qeyd olundu. Fondun dəstəyi ilə 2018-ci ildə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa edilib. 2025-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə və görmə qabiliyyəti məhdud uşaqlar üçün məktəbə göstərilən dəstək də iki xalq arasında humanitar münasibətlərin inkişafına xidmət edib.
Səfər zamanı Azərbaycan media nümayəndələrinin Hanoyda yerləşən Hoa Lò Həbsxanası Muzeyinə ziyarəti də xüsusi məna daşıyırdı. Sıx iş qrafikinə baxmayaraq, bu tarixi məkanı görmək Vyetnam xalqının azadlıq uğrunda mübarizəsinə ehtiramın ifadəsi idi.
Bir vaxtlar siyasi məhbusların, daha sonra isə Vyetnam müharibəsi dövründə əsir götürülmüş amerikalı hərbi pilotların saxlanıldığı Hoa Lò bu gün muzey kimi fəaliyyət göstərir. Tarixi kameralar, məhbusların şəxsi əşyaları və digər eksponatlar Vyetnamın mürəkkəb tarixini əks etdirir. Bu ziyarət bir daha göstərdi ki, iki xalqın dostluğu yalnız rəsmi görüşlərdə deyil, bir-birinin tarixinə, milli yaddaşına və mübarizə yoluna hörmətlə yanaşmaqda da təzahür edir.
Hanoydan yeni üfüqlərə doğru
Noyabrın 19-da başlayan və 21-də başa çatan səfər boyunca müşahidə etdiyimiz mənzərə bir həqiqəti ortaya qoydu: Azərbaycan və Vyetnam arasında münasibətlər tarixi dostluqdan strateji tərəfdaşlığa keçməklə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti isə siyasi etimadın iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhsil, mədəniyyət və turizm sahələrində konkret əməkdaşlıq imkanları ilə tamamlanmasıdır.
Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, aparılan danışıqlar, qəbul edilən Birgə Bəyanat və əldə olunan razılaşmalar bu əlaqələrin gələcək inkişafı üçün geniş zəmin yaradır. Xüsusilə Vyetnamın Azərbaycanda səfirlik açmaq qərarı, Orta Dəhliz üzrə əməkdaşlıq imkanları, enerji və investisiya layihələri, birbaşa aviareyslərin təşviqi münasibətlərin praktiki məzmununu artıracaq istiqamətlərdir.

Hanoydan ayrılarkən yadda qalan təkcə gölləri, yaşıllıqları, motosikletlərlə dolu küçələri, zəngin mətbəxi və tarixi məkanları ilə seçilən şəhər deyildi. Ən mühüm təəssürat Vyetnamda Azərbaycana, Azərbaycan xalqına və ölkəmizin tarixi liderlərinə göstərilən ehtiram, iki xalq arasında mövcud olan səmimi münasibət idi.
Bu səfər bir daha göstərdi ki, uzaq coğrafi məsafə ölkələri bir-birindən ayırsa da, ortaq tarixi xatirələr, qarşılıqlı hörmət və siyasi iradə onları yaxınlaşdıra bilir. Azərbaycan və Vyetnamın malik olduğu iqtisadi potensial, strateji mövqelər və beynəlxalq əməkdaşlıq imkanları isə bu yaxınlaşmanın gələcəkdə daha geniş miqyas alacağını deməyə əsas verir.
Hanoydan Azərbaycan–Vyetnam münasibətlərinin qarşıdakı illərdə daha yüksək səviyyəyə yüksələcəyinə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uzaqgörən və praqmatik xarici siyasət kursu çərçivəsində tarixi dostluğun yeni layihələr və real nəticələrlə möhkəmlənəcəyinə inamla ayrılırıq.