Bu gün saat 10:00 radələrində Bakı dairəvi 1 avtomobil yolunun sonu - Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun başlanğıcında yol qəzası baş verib. Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Türkiyə vətəndaşına məxsus «Scania» markalı yük avtomobili idarəetmənin itirərək aşıb. Yük maşını əyri xətli tirlərə çırpılıb və nəticədə, ümumi uzunluğu 48 paqon metr olan 12 ədəd əyri xətli tir sıradan çıxıb. Hadisə aktlaşdırılıb və müəyyən olunub ki, yol-nəqliyyat hadisəsi nəticəsində yol avadanlıqlarına ümumi məbləği 6 700 manat olmaqla ziyan dəyib.
Qeyd edək ki, 2012-ci il ərzində yol-nəqliyyat hadisələri nəticəsində yol infrastrukturuna 3 mln. manata yaxın ziyan dəyib və bu məbləğin yalnız 44 min manatadək hissəsi ödənilib.