Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında əsən güclü şimal küləyi Bakıya qar gətirib. Lent.az-ın məlumatına görə, axşam saatlarından paytaxt Bakıya yenidən qar yağmağa başlayıb. Bir neçə gün bundan öncə soyuq hava kütlələrinin ölkəmizə daxil olması nəticəsində paytaxtda qısa müddətli qar yağmışdı. Rayonlara isə qar daha güclü yağmışdı. Hazırda isə qar yağışı paytaxtın çox hissəsində müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 25-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dekabrın 24-dən 25-nə keçən gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.