BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson Şəki rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Şəki şəhər İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Daq Siqurdson əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətində görüş keçirib.
Görüş zamanı qonaqların diqqətinə çatdırılıb ki, Şəki rayonunun ərazisində Dağlıq Qarabağ və ətraf rayonlardan olan 1257 ailə və ya 5 minə yaxın məcburi köçkün məskunlaşıb. 2012-ci ilin sentyabrında rayonun Kiş bələdiyyəsinin ərazisində yeni salınmış qəsəbədə 423 məcburi köçkün ailəsi yerləşdirilib.
Görüşdən sonra BMT-nin nümayəndəsi və digər qonaqlar məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gedib, ərazidə yerləşən məktəbə, klub-icma mərkəzinə, inzibati binaya baxış keçiriblər. Qonaqlara məlumat verilib ki, 423 ailənin yaşadığı bu qəsəbənin sakinləri əsasən Laçın, Ağdam, Kəlbəcər, Şuşa və Xocalıdan olan məcburi köçkünlərdir.
Qonaqlar köçkünlərin yaşayış şəraiti ilə də maraqlanıb, şəhid ailəsinin evində olublar. Daha sonra BMT-nin nümayəndəsi və qonaqlar rayonun Vərəzət kəndində məskunlaşmış məcburi köçkün ailələri ilə görüşüblər.
Qeyd edək ki, Daq Siqurdson birlikdə nümayəndə heyətinin tərkibinə həmçinin qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Məcburi Köçkünlərin Monitorinqi Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələri qatılıblar.