Ukraynada qətlə yetirilən Azərbaycan diasporunun İqbal Mahmudovun işi ilə bağlı məhkəmə başlayıb
Bu il mayın 9-da Ukraynanın Donetsk vilayətində qətlə yetirilən Azərbaycan diaspor təşkilatının rəhbəri, 35 yaşlı biznesmen İqbal Mahmudovun işi ilə bağlı məhkəmə prosesi başlayıb.
Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Qornyatsk Rayon Məhkəməsində keçirilən ilk məhkəmə iclasında Donetsk Azərbaycanlıları Konqresinin rəhbərinin qətlində müqəssir sayılan 4 nəfər məhkəmə zalına gətirilməyib.
Bu, əlverişsiz hava şəraiti ilə izah olunub. Məhkəməyə İqbal Mahmudovun 65 yaşlı anası Nəzakət Mahmudova, çoxlu sayda qohumu qatılıb.
Onlar məhkəmənin ədalətli qərar çıxarmasını tələb ediblər. Yerli mətbuatın yazdığına görə, Ukraynadakı azərbaycanlılar həmin gün bir neçə yerdə piketlər keçiriblər. Aksiyalarda iştirak edənlərin əllərində Ukrayna Azərbaycanlıları Konqresinin simvolları və İqbal Mahmudovun fotoşəkilləri olub.
“Seqodnya” qəzeti isə yazır ki, İqbal Mahmudovun qətlini təşkil edən bizneslə məşğul olan azərbaycanlıdır. Qətli icra edənlər arasında isə həm ukraynalı, həm də azərbaycanlılar var.