DİN-də Kollegiya iclası
23 aprel 2013 19:32 (UTC +04:00)

DİN-də Kollegiya iclası

0

Aprelin 23-də Daxili İşlər Nazirliyində «Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili»nin və «Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin» vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

 

DİN mətbuat  xidmətindən Lent.az-a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini deyib. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu, bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırıb. Nazir xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində son 10 ilə yaxın müddətdə aparılan islahatların əsas xəttini insan amili, o cümlədən hər bir şəxsin qanuni mənafelərinin, hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən etibarlı qorunması təşkil edir. Eyni zamanda, Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət, əmək, sosial təminat, seçki və sair hüquqların həyata keçirilməsində, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrin yerinə yetirilməsində vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

 

 

 

Mövcud kriminogen duruma toxunan daxili işlər naziri cari ilin üç ayında da əvvəlki illərdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.

 

 

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev aidiyyəti sahələrdə görülmüş işlər, əldə edilmiş nəticələr, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr barədə  məruzə ilə çıxış ediblər.

 

 

Qeyd olunub ki, şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin tətbiqi ilə bağlı müvafiq qanunlardan və aidiyyəti Dövlət Proqramından irəli gələn vəzifələr də ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarı ilə 2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilmiş, ölkə Prezidenti tərəfindən vəsiqənin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Həmçinin, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə» layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub, müasir tələblərə cavab verən 9 regional mərkəz üçün yeni inzibati binalar tikilərək zəruri avadanlıqlarla təchiz edilib. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir.

 

 

Məruzəçi deyib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi məqsədilə Dövlət Başçısının 23 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində də müəyyən işlər görülüb.

 

 

Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Fərmanına uyğun olaraq cari ilin əvvəlindən şəxsiyyət vəsiqələrinin Nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı «ASAN xidmət» mərkəzində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsinə başlanılıb və bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Aidiyyəti işlərin may və iyun aylarında istismara veriləcək 2 saylı Xətai, 3 saylı Yasamal və Sumqayıt «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülüb, mərkəzlərin zəruri avadanlıq və ixtisaslı kadrlarla təminatı məsələsi həllini tapıb.

 

 

Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bu günədək respublikanın 16 yaşdan yuxarı əhalisinin 98,7 faizi və ya 6 milyon 303 min 455 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və bu mühüm sahədə fəaliyyət məqsədyönlü surətdə davam etməkdədir.

 

Məruzəətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə xidməti fəaliyyətin daha da gücləndirilməsi, qanunvericiliyin, ölkə Prezidentinin fərman və sərəncamlarının, daxili normativ aktların tələblərinə tam uyğun təşkili ilə bağlı qarşıda duran vəzifələr qeyd olunub.

 

 

İclasa yekun vuran nazir Prezident İlham Əliyevin vətəndaşların qəbulunun davamlı həyata keçirilməsi, ərizə və şikayətlərinin baxılmasına böyük həssaslıqla yanaşılması barədə tapşırığını xatırladaraq bir neçə gün öncə Şəkidə bölgə sakinlərinin bir qrupu ilə görüşdüyünü, möhtərəm Dövlət Başçısının onların problemlərinin həllinə hər zaman xüsusi diqqət göstərdiyini və bu qayğıya görə ölkəmizin rəhbərinə dərin minnətdarlıq ifadə etdiklərini nəzərə çatdırıb.

 

 

Nazir, cari ilin oktyabr ayında ölkədə keçiriləcək növbəti Prezident seçkiləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işinin, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslərin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasını, səyyar qrupların fəaliyyətinin gücləndirilməsinin, bütövlükdə seçki hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin olunmasının vacibliyini bir daha qeyd edib. Həmçinin, ərazi polis orqanlarının rəislərindən şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış şəxsiyyət vəsiqələrinin sahiblərinə dərhal təqdim edilməsinin zəruriliyini nəzərə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1092

Oxşar yazılar