Aprelin 27-də Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzində Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev ilə Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya məlumatı deputatın özü bildirib. Məlumata görə, tədbir tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. “Bu gün azərbaycanlı tələbələrlə görüşümüz çox maraqlı keçdi. Tədbirdə əsasən, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri və xüsusilə təhsil məsələləri müzakirə olunub. Biz eyni zamanda “Gürcü Arzusu” koalisiyasının həyata keçirdiyi layihələr və cəmiyyətdə baş verən prosesləri azərbaycanlıları narahat edən aktual məsələləri müzakirə etdik və hər bir hadisəyə, problemə və müxtəlif məzmunlu məsələlərə münasibət bildirərək, həlli yolları barədə fikir mübadiləsi apardıq. Sonra mən gəncləri maraqlandıran sualları cavablandırdım”.
Tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, “Gürcü Arzusu” koalisiyasının fəalı Beniamin Qasımov, ARDNŞ-in Gürcüstan rəsmisi Şövqi Mehdizadə və “Varlıq” Mədəniyyət Mərkəzinin direktoru, AYB-nin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət iştirak edib.