Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi sənədlərinin icrasının qiymətləndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə 8-12 aprel tarixlərində ölkəmizə səfər etmiş NATO-nun Beynəlxalq Katibliyinin ekspertləri arasında işçi görüş başa çatıb.
Azərbaycanın NATO yanındakı nümayəndəliyindən Lent. az-a verilən məlumata görə, işçi görüşdə müdafiə sahəsində əməkdaşlıq, Azərbaycanın FTƏP və PAP sənədləri çərçivəsində məqsədlərinin və öhdəliklərinin yerinə yetirilməsi və əməkdaşlığın gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Səfər çərçivəsində NATO-nun Beynəlxalq Katibliyinin ekspertləri işçi görüşlə paralel olaraq bir sıra tədbirlərdə iştirak edib, Müdafiə Nazirliyinin Sülhməramlı Taboruna baş çəkiblər. NATO-nun mülki fövqəladə planlaşdırma sahəsində eksperti Fövqəladə Hallar Nazirliyində ikitərəfli görüşlər keçirib və Beynəlxalq Böhranların İdarə edilməsi Mərkəzi ilə tanış olub. NATO-nun Siyasi və təhlükəsizlik məsələləri, həmçinin İctimai diplomatiya üzrə ekspertləri Azərbaycan Respublikası Prezident Administrasiyasında ikitərəfli görüş keçirib, Diplomatik Akademiyada “NATO gündəliyində cari məsələlər” mövzusunda brifinq verib və NISA-nın “Beynəlxalq təsisatlarla tanışlıq” adlı seminarında çıxış ediblər.