Prezident İlham Əliyevin yanvarın 16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olub. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Sloveniyanın baş naziri ilə NATO-nun Çikaqo sammiti zamanı görüşünü və ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı apardığı müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Y. Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Baş nazir böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd edib. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya biznes forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd edib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Dövlət başçısı Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin siyasi və beynəlxalq əməkdaşlıq sahələrində razılıq doğurduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına göstərdiyi dəstəyə görə Sloveniya hökumətinə minnətdarlığını ifadə edib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb. İkitərəfli münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlığın vacib rol oynadığını deyən Prezident İlham Əliyev birgə iqtisadi fəaliyyət, investisiya qoyuluşu və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Ölkə başçısı bu gün həmçinin Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əd-Dosərini qəbul edib. Görüşdə ölkəmizlə krallıq arasında münasibətlər müzakirə edilib.