Prezident tikinti, abadlıq işlərinin gedişatı ilə tanış olub
29 dekabr 2012 21:12 (UTC +04:00)

Prezident tikinti, abadlıq işlərinin gedişatı ilə tanış olub

0

Prezident İlham Əliyev dekabrın 29-da Bakının Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olub.

 

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi əsasında dövlət başçısına məlumat verib.

Bildirilib ki, kompleksin birinci və ikinci mərtəbələrində yeraltı avtomobil dayanacağı, üçüncü mərtəbədə isə bu infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılacaq. Yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini idarə edən qurğular və işçilərin xidməti otağı da üçüncü mərtəbədə yerləşəcək. Bu mərtəbədə, eyni zamanda, dayanacağın üstündə salınacaq parkdakı fəvvarələrin texniki stansiyaları, parkın suvarılması üçün nəzərdə tutulan su anbarı yerləşəcək. Yeraltı dayanacaq 4 minə yaxın avtomobil üçün nəzərdə tutulur.

 

Dayanacaqda bütün texniki xidmətlər ən müasir standartlara cavab verəcək. Dayanacağın üstündə isə sahəsi 70 min kvadratmetr olan park, bağ və fəvvarələr kompleksi yaradılacaq. Kompleksə əhalinin rahat və təhlükəsiz gediş-gəlişi üçün 7 yeraltı piyada keçidinin inşa olunacağı qeyd edilib.

 

Yeraltı dayanacaqdan park, bağ və fəvvarələr kompleksinə qalxmaq üçün 14 lift və 30 eskalator quraşdırılacaq. Əlillər üçün də əlavə 10 eskalator quraşdırılacaq. Kompleksin yaxınlığında - Fizuli küçəsindəki 39 nömrəli yaşayış binası tarixi memarlıq nümunəsi olduğu üçün sökülmədən 11 metr arxaya sürüşdürüləcək. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın “Bressel” şirkəti həyata keçirəcək. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı abadlıq-quruculuq işləri də görüləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1287

Oxşar yazılar