“Hələ araşdırma aparılır”.
Bunu Azərbaycan Dillər Universitetində (ADU) korrupsiya faktları ilə bağlı cinayət işi ilə əlaqədar Lent.az-ın sualını cavablandıran ADU-nun rektoru, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
O, səbr etməyi də tövsiyə edib.
Qeyd edək ki, sentyabrın 24-də Baş Prokurorluq ADU-da baş vermiş korrupsiya faktları ilə bağlı cinayət işinin başlandığı barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, ADU-nun 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əməkhaqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əməkhaqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb. Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb.
Səməd Seyidov isə Baş Prokurorluğun yaydığı məlumatdan bir neçə gün sonra mətbuata açıqlamasında şəxsən özünün Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdiyini söyləyib. O bildirib ki, şübhələri olub və bu səbəbdən də bu ilin mayında Hesablama Palatasına yoxlama aparılması üçün müraciət edib, araşdırma nəticəsində müəyyən faktlar ortaya çıxıb və cinayət işi açılıb.