Dekabrın 28-də Rusiya Moskvada Suriya müxalifəti ilə Bəşar Əsəd hakimiyyəti təmsilçiləri arasında danışıqların aparılmasını təklif edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, bildirib ki, «Suriyada baş verənləri dəyərləndirən müdrik müxalifət» siyasi danışıqlar üçün yollar axtarmağa məcbur olacaq.
Suriya müxalifəti Milli Koalisiyası Moskvanın çağırışına cavab verib. Müxalifət təmsilçisi Validi əl-Bunni deyib ki, koalisiya siyasi danışıqlara hazırdır, ancaq onlar Əsəd rejimi ilə danışıqlar aparmayacaq.
«Əsəd və onun adamları hakimiyyətdən gedən kimi bütün bunlar baş verəcək. Bundan sonra biz masa arxasında oturub, bütün suriyalılarla gözlənitlərimizi müzakirə edəcəyik»-deyə, əl-Bunni söyləyib.
Milli Koalisiyanın başçısı Əhməd Müaz əl-Xətib əl-Həsən isə Rusiya xarici işlər naziri Sergey Lavrovdan Bəşar Əsəd rejimini dəstəklədiyi üçün «üzr istəməyi» tələbə edərək, onu «öz xalqına qarşı törətdiyi cinayətlərə görə» Suriya hakimiyyətini mühakimə etməyə çağırıb.
«Sky News»-a müsahibəsində o, deyib ki, əvvəlcə Bəşar Əsəd hakimiyyətdən getməlidir, bundan sonra danışıqlar başlaya bilər.
Əl-Həsən danışıqların Əsəd rejimini dəstəkləyən Moskvada deyil, Qətərdə aparılmasını da təklif edib.