Olimpiada-2012: Bu da 7-ci medal!
10 avqust 2012 02:04 (UTC +04:00)

Olimpiada-2012: Bu da 7-ci medal!

0
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan növbəti medalını qazanıb. Lent.az-ın məlumatına görə, bu dəfə 55 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Yuliya Ratkeviç bürünc medal qazanıb.

Ratkeviç mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə yunanıstanlı Maria Prevolarakini üstələyib – 2:0, 1:0. Növbəti mərhələdə təmsilçimiz Saori Yoşidaya yenilib – 0:1, 0:2. Lakin Yoşida finaladək irəlilədiyindən pəhləvanımız təsəlliverici görüşlərə də qatılıb. Güləşçimiz bu mərhələdə əvvəlcə ABŞ-dan olan Kelsi Kempbelli məğlub edib – 4:0, 1:0. Bürünc medal uğrunda qarşılaşmada isə rəqib rusiyalı Valeriya Jolobova olub. Ratkeviç yenə inamlı təsir bağışlayıb. O, ardıcıl fəndlərlə 6:0 hesablı üstünlük əldə edərək, ilk hissənin vaxtından 15 saniyə əvvəl başa çatmasına səbəb olub. İkinci hissədə də ilk xalı təmsilçimiz alıb. Sonradan rusiyalı idmançı bərabərlik yaratsa da, son saniyələrdə güləşçimiz daha bir xal alıb və qələbəyə nail olub – 2:1. Qızıl medalı qazanan Yoşida karyerasında 3-cü dəfə olimpiya çempionu olub. Gümüş medal isə kanadalı Tonya Linn Verbekə çatıb.

Qeyd edək ki, Yuliya Ratkeviç Azərbaycanın London olimpiadasında 7-ci medalını təmin edib. Ondan öncə yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) və digər qadın güləşçimiz Mariya Stadnik (48 kq) gümüş, daha bir yunan-Roma güləşçimiz Emin Əhmədov (74 kq) və ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) bürünc medal qazanıb. Yarımfinala yüksələn boksçularımız Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) da ən azı bürünc medala yiyələnəcəyi məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 935

Oxşar yazılar